“Fintech Band”ın (monobank) keçmiş səhmdarı və hazırkı maliyyə direktoru Lyudmila Şmalçenko ilə Fintech Farm-ın (Leobank) həmtəsisçisi Dmitri Dubilet arasında münaqişə yaranıb. Səbəb sonuncunun yeni layihəsi olan və keçən il Azərbaycanda Leobank kimi istifadəyə verilən Britaniyanın “Fintech Farm” startapı olub.
Bizim.Media “psm7.com” saytına istinadən xəbər verir ki, Şmalçenko bu mübahisədə Britaniyanın “Macfarlanes” və Ukraynanın “Avellum” adlı iki hüquq firması ilə təmsil olunur.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda yeni dələduzluq növü ortaya çıxdı
İddiaçı hesab edir ki, Dmitri Dubilet yeni layihələrində “Fintech Band”ın (monobank) əqli mülkiyyətindən istifadə edib.
Şmalçenko iddialarını dəstəkləyərək aşağıdakı arqumentləri gətirir:
“Leobank” monobank kimi eyni funksiyaları təklif edir - cashback, Shake to Pay, artan kredit limitləri,
“Leobank”ın monobankın interfeysini və lendinqini kopya edir,
“Leobank” bank kartının şəklinin reklamında kart nömrəsi ilə monobankın kart nömrəsindən istifadə edir.
2019-cu ildə Dmitri Dubilet monobank rəhbərliyindən istefa verib və Ukrayna Nazirlər Kabinetinin naziri vəzifəsini tutub (bir ildən sonra biznesə qayıdıb). 2021-ci ilin yayında Dubilet Azərbaycanda “Leobank”ı işə salıb və “Fintech Farm” startapının yaradıldığını elan edib.
Yanvar ayında “Fintech Farm” 7,4 milyon dollar toplayıb və indi daha səkkiz ölkədə neobanklar açmağa hazırlaşır.
Şmalçenkonun vəkilləri Böyük Britaniyanın fırıldaqçılığa qarşı mübarizə agentliyinə rəsmi şikayət vermək niyyətində olduqlarını bildiriblər. İngilis hüquqşünaslarından Dmitri Dubiletə rəsmi bildiriş göndərilib. “Monobank” Dubiletə qarşı bir neçə milyon dollarlıq iddia qaldırmaq niyyətindədir. 100 milyon dollar məbləğində iddialar bir bankın biznes modelinin digər xarici layihələrdə icazəsiz istifadəsi ilə bağlıdır.
Qeyd edək ki, Leobank “Unibank”ın təqdim etdiyi yeni mobil bankçılıq xidmətidir. Leo müştərilərə kredit limiti olan əlverişli VİSA kartından istifadə etmək, ödəmə və köçürmələri həyata keçirmək, cashback almaq və daha çox üstünlüklərdən yararlanmağı vəd edib.
Leobank.az saytı 2021-ci il iyulun 28-də istifadəyə verilib. Mobil tətbiqi də mövcuddur.
“Leobank” haqqında verilən informasiyada onun Ukraynada monobank və Britaniyada koto-nun yaradıcısı olan Britaniya texnologiyalı Fintech Farm şirkətinin yeni rəqəmsal platforması əsasında hazırlandığı da qeyd olunub. Yəni, “Unibank” bu informasiyanı gizlətməyib. Elə yuxarıda qeyd olunan Lyudmila Şmaleçnko şikayətinin məzmunu da bununla bağlıdır.
“Fintech Band”ın maliyyə direktorunun iddiasına görə, Dmitri Dubilet bu layihəni Azərbaycanda icazəsiz tətbiq edib və ortada qanunsuzluqlar var. Məlumat üçün deyək ki, belə hüquqi proseslərdə layihəni təklif və tətbiq edən tərəflər şikayətçiyə məhkəmə önündə cavab verməli olurlar. Yəni məhkəməyə Dmitri Dubiletlə yanaşı “Unibank”ın da çağırılması gözlənilir.
Mövzu ilə əlaqədar “Unibank”ın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə Şirinova ilə əlaqə saxlamağa çalışdıq, amma zəngimiz cavabsız qaldı. Sualımızı “Unibank” rəsmisinin email ünvanına göndərdik. Hələ ki, sorğuya cavab gəlməyib.
Bankın məsələyə münasibətini öyrəndiyimiz zaman oxuculara daha ətraflı məlumat veriləcək.
Bizim.Media