Hazırda “BakuBus” MMC-də 3 055 nəfər sürücü fəaliyyət göstərir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq “Bakubus” MMC-dən məlumat verilib.
Bildirilib ki, cari ilin bu gününədək, intizam tələblərinə riayət etməyən hallara görə, əmək qanunvericiliyinə uyğun olaraq 24 sürücü işdən azad edilib, 184 sürücü isə yazılı və şifahi xəbərdarlıq alıb.
Qeyd edilib ki, sürücülərin işə qəbul zamanı keçirilən təlimlərinin bir hissəsi sərnişinlə ünsiyyət və davranış qaydalarının təlim proqramına daxil edilir.
“Bundan əlavə, bütün sürücülərlə sərnişinlərlə münasibətlərə dair mütəmadi söhbətlər aparılır. 3 055 nəfərlik sürücü heyətinin hər birinin məsuliyyətli və peşəkar xidmət göstərməsi əsas prioritetimizdir. Bu səbəbdən, sərnişinlərlə münasibətdə pozuntu halları aşkarlandıqda, intizam prosedurları çərçivəsində müvafiq tədbirlər həyata keçirilir”, - deyə qurumdan bildirilib.
Günay Şahmar, Bizim.Media





























































































