Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın komadan ayıldığı və heç kimi tanımadığı iddia olunub.
MÖVZU İLƏ BAĞLI:
Bakıda qəza zamanı üzərinə yol nişanı aşan Sərxanın VƏZİYYƏTİ AÇIQLANDI - VİDEO
Bizim.Media xəbər verri ki, “Oxu.az”a daxil olan məlumatda iddia edilib ki, Sərxan ayılsa da, heç kimi tanımır və bədəninin bəzi hissələrini hərəkət etdirə bilmir.
Sərxanın müalicə olunduğu Mərkəzi Klinikadan isə xəstənin palataya köçürüldüyü bildirilib.
"Xəstəmiz yeddi gündür ayıq vəziyyətdə müşahidə olunur. Şüuru açıqdır, verilən göstərişlərə əməl edir və ətraf mühitlə əlaqəsi mövcuddur. Fizioterapiya və reabilitasiya prosesi başlanıb. Xəstənin reanimasiya (intensiv terapiya) ehtiyacı qalmayıb, bu səbəbdən reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb.
Palatada fizioterapiya və reabilitasiya məşqləri davam etdirilir. Xəstənin fasilələrlə yeridilməsinə başlanılıb. Reabilitasiya müddətinin uzunluğu xəstənin klinik vəziyyətindən və müalicəyə verdiyi cavabdan asılıdır. Proses yaxından izlənilir və uzunmüddətli perspektivdə xəstəmizin tam qüsursuz, sağlam şəkildə həyatına davam edəcəyi ümid edilir", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, hadisə dekabrın 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib.
Bizim.Media





























































































