Ötən gün Masallıda mərkəzi xəstəxanada 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə cərrahi əməliyyat zamanı ölüb. Sosial şəbəkələrdə onun həkim səhlənkarlığı səbəbindən öldüyü qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
34 yaşlı kişi əməliyyat zamanı VƏFAT ETDİ
Masallı Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 07.01.2026-cı il saat 14:40 radələrində halsızlıq və soyuqdəymə şikayətləri ilə 1992-ci il təvəllüdlü şəxs (kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım briqadası tərəfindən hospitalizasiya olunub.
Ona dəqiqləşdirilməmiş hipotenziya diaqnozu təyin edilib.
Pasiyentə dərhal tibbi yardım göstərilib və instrumental müayinələr aparılıb. İnstrumental müayinə nəticəsində pasiyentin qarın boşluğunda sərbəst maye olması müəyyən edilib və dərhal əməliyyat blokuna alınıb.
Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin coxsaylı cırılmış yaraları, sol böyrəyin qopması, qarın boşluğunda təxminən 4,5 litrə yaxın sərbəst maye (qan) diaqnozu müəyyən edilib.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 07.01.2026-cı il tarixində saat 16:40 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Naibə Məmmədova, Bizim.Media





























































































