Dünyanın nüfuzlu beyin mərkəzləri və media resursları bu il dünyanı gözləyən əsas risklərlə bağlı müxtəlif proqnozlarla çıxış ediblər.
Sözügedən proqnozlar belə deməyə əsas verir ki, 2026‑cı il beynəlxalq təhlükəsizlik, iqtisadiyyat, texnologiya və sosial stabillik baxımından kritik bir il olacaq.
Bizim.Media bu ilin əsas qlobal risklərini təqdim edir:
ABŞ‑da siyasi transformasiya fonunda qlobal həssaslıq
2026‑cı ildə ABŞ-ın daxili siyasətində baş verən radikal dəyişikliklər dünya siyasətinə birbaşa öz təsirini göstərir.
Eurasiagroup.net-in yazdığına görə, partiya sistemində və hökumət strukturunda qarşılıqlı gərginliyin artması, qanunverici və icraedici orqanlar arasında kəskin fikir ayrılıqları, ABŞ-ın xarici siyasətdəki öncəliklərini dəyişdirir. Bu dəyişikliklər isə beynəlxalq müttəfiqlər və diplomatik institutlar üçün qeyri-müəyyənlik yaradır.
ABŞ-ın daxili siyasi qeyri-sabitliyi NATO və Avropa İttifaqı kimi əsas alyanslarla münasibətlərin koordinasiyasını da çətinləşdirir. Bu baxımdan, ABŞ-ın xarici siyasətdə gözlənilməz addımlar atması beynəlxalq ticarətdə və diplomatik proseslərdə gözlənilməz nəticələrə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, ABŞ-ın siyasi qeyri-sabitliyi qlobal iqtisadiyyat və təhlükəsizlik sistemi üçün domino effekti yarada bilər. Hər hansı bir daxili siyasi böhranın xarici siyasətə ötürülməsi nəticəsində regional münaqişələr şiddətlənə bilər.
Süni intellekt və texnologiya sektorunun iqtisadi inflyasiya təzyiqləri
2026-cı il qlobal iqtisadiyyatda Süni İntellekt investisiyalarının yaratdığı inflyasiya ilə yadda qalacaq. Hazırda Sİ infrastrukturu, server mərkəzləri və texnoloji avadanlıqlar üçün böyük miqdarda sərmayələr xərclənir. Bu, enerji və xammal tələbini artıraraq istehsal xərclərini də yüksəldir. Nəticədə, qiymətlərin artması, bazar xərclərinə və sərmayənin gedişatına mənfi təsir göstərir.
Reuters-in analizi göstərir ki, investorlar Sİ investisiyalarının iqtisadi təsirini hələ tam qiymətləndirməyiblər. İnflyasiya artımı və pul siyasətinin sərtləşdirilməsi qlobal iqtisadi riskləri artırır. Bu vəziyyət yalnız texnologiya sektorunda deyil, bütün iqtisadi sahələrdə risk yaratmaq potensialına malikdir.
Qeyd edək ki, Sİ-nin iş bazarına təsiri iş yerlərinin avtomatlaşdırılması və əmək bazarındakı struktur dəyişiklikləri ilə müşahidə olunur. Beləliklə, sosial narazılıq, gənclərin iş imkanlarının azalması və əmək bazarının qeyri-bərabərliyi kimi sosial risklər də ortaya çıxır.
Çin və ABŞ arasında texnologiya və enerji rəqabəti
2026-cı ildə qlobal geosiyasi və iqtisadi risklərdən biri ABŞ və Çin arasında texnologiya və enerji sahəsində davam edən mübarizədir.
Hər iki ölkə strateji üstünlüyü ələ keçirmək üçün texnoloji innovasiya və enerji investisiyalarını sürətlə artırır.
Eurasiagroup.net yazır ki, bu rəqabət yalnız iqtisadi sahədə deyil, həm də hərbi və kiber sahədə gərginlik yaradır. Çin elektrik və yeni enerji texnologiyalarına investisiya qoyaraq qlobal bazarlarda strateji üstünlük əldə etməyə çalışır. ABŞ isə öz texnoloji və iqtisadi mövqeyini qorumağa yönəlir. Nəticədə, bu rəqabət qlobal ticarət şəbəkələrində qeyri-müəyyənliyi artırır.
Məsələn, texnologiya məhsullarının qiymətləri və ticarət normativləri müxtəlif sahələrdə dəyişir, beynəlxalq sərmayə axını qeyri-müəyyən hala gəlir. Hər iki ölkənin texnoloji üstünlük uğrunda mübarizə aparması, xüsusilə Asiya və Avropa üçün risk yaradır.
Su resurslarının geosiyasi silaha çevrilməsi
2026-cı ildə su resurslarının strateji silah kimi istifadəsi qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır. Su azlığı olan regionlarda dövlətlər arasında qarşıdurmalar və münaqişələr artır.
Eurasiagroup.net-in analitikləri bildirirlər ki, bu tendensiya, xüsusilə Asiya, Afrika və Yaxın Şərqdə müşahidə olunur. Su resurslarının siyasi alət kimi istifadəsi təkcə regional sabitliyi pozmaqla qalmır, həm də qlobal iqtisadi və təhlükəsizlik əlaqələrinə təsir edir. Dövlətlər suya olan çıxışı qorumaq üçün yeni ittifaq və müqavilələrə yönəlir, bu isə beynəlxalq münasibətlərin mürəkkəbliyini artırır.
Su resurslarının geosiyasi silahlaşdırılması adlanan tendensiya müasir geo-siyasətdə getdikcə daha çox rol oynayır. Suya olan tələbatın idarə edilməsi və qəsdən məhdudlaşdırılması təkcə ekoloji və iqtisadi bir məsələ deyil, həm də regional təhlükəsizlik və siyasi güc oyunlarının ortasında bir silaha çevrilib. Su problemlərinin siyasiləşməsi yalnız dövlətlər arasında deyil, eyni zamanda, ictimai sabitlik və qida təhlükəsizliyi baxımından da riskləri artırır. Bu halda suyun çirkləndirilməsi və ya strateji şəkildə idarə olunması həm daxili, həm də regional səviyyədə konfliktlərin dərinləşməsinə gətirib çıxara bilər.
Rusiya–NATO hibrid savaş təhlükəsi
2026-cı ildə Rusiya və NATO arasındakı hibrid qarşıdurmalar qlobal təhlükəsizlik baxımından ciddi risk təşkil edir. Hibrid müharibə yalnız hərbi əməliyyatlarla məhdudlaşmır, həm də kiber hücumlar, informasiya manipulyasiyaları, seçki müdaxilələri və enerji resurslarına nəzarət vasitələrini əhatə edir.
Ekspertlərin fikrincə, Rusiya və NATO arasındakı qarşıdurmaların artması Avropanın şərq sərhədlərində qeyri-müəyyənliyi artırır. Bu, iqtisadi ticarət axınlarına, regional investisiyalara və siyasi stabilliyə mənfi təsir göstərir. Həmçinin, hibrid risklərin artması dövlətlərin təhlükəsizlik büdcələrini artırmalarına səbəb olur ki, bu da qlobal hərbi balansın dəyişməsinə gətirib çıxarır.
Çinin deflyasiya problemi və qlobal bazara təsiri
Çin iqtisadiyyatında deflyasiya təzyiqləri davam edir və bu, yalnız daxili iqtisadi göstəricilərə deyil, qlobal bazarlara da ciddi təsir göstərir. Deflyasiya, məhsulların və xidmətlərin ümumi qiymət səviyyəsinin davamlı şəkildə azalması deməkdir. Yəni pulun dəyəri artır, amma əşyaların qiyməti düşür. Bu isə inflyasiyanın əksidir və iqtisadi aktivliyin zəifləməsinə gətirib çıxarır. Bu vəziyyət Çinin dünya bazarlarına ucuz məhsul axınını sürətləndirir, digər ölkə istehsalçılarının rəqabət şansını isə xeyli azaldır.
Eyni zamanda, Çinin daxili bazarında istehsalın azalması və işsizlik səviyyəsinin yüksəlməsi sosial gərginliyi artırır. Qlobal ticarət əlaqələri və beynəlxalq investisiyalar da bu vəziyyətdən əziyyət çəkir. Ekspertlər qeyd edir ki, Çin deflyasiyası yalnız Asiya deyil, hətta Avropa və ABŞ bazarlarına da təsir edəcək.
Fatimə Əliyeva, Bizim.Media





























































































