Nazirliyin keçmiş əməkdaşı azadlığa buraxıldı

Hazırda oxunan: Nazirliyin keçmiş əməkdaşı azadlığa buraxıldı

589617

Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüsal İmranovun (soyadı şərtidir) barəsindəki hökmdən Baş Prokurorun müavini Heydər Məmmədov tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, apellyasiya protesti təmin olunub, Hacıqabul Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmü dəyişdirilib. Belə ki, epizodlar üzrə əməllər törədildiyi gündən müəyyən edilmiş müddətlər keçdiyindən ona qeyd edilən epizodlar üzrə cəza təyin edilməməsinə dair müddəalar xaric olunub. Həmin cinayət epizodları cəza təyinində nəzərə alınıb və təqsirləndirilən şəxs törətdiyi hökmdə göstərilən digər cinayət əməlləri ilə birlikdə Vüsalın üzərində qəti olaraq 2 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
 

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 19.5, 5.2.2 və 2.3-cü bəndlərinə əsasən təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 ay hissəsindən azad edilib. Vüsal İmranov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən həbsdən dərhal azad olunub.


Qeyd: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilib.

Məhkəmə istintaqı ilə müəyyən olunub ki, Vüsal İmranov 2019-cu ildən 2023-cü ilin aprel ayına qədər olan müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində aparıcı mütəxəssis vəzifəsində işləyib. O, vətəndaşlara özünü həmin qurumda, eləcə də Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin Daxili nəzarət və audit şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışan şəxs kimi təqdim edib. Təqsirləndirilən şəxs bu adı və guya mövcud olan qulluq mövqeyini əsas gətirməklə vətəndaşların etibarından sui-istifadə edib.

Araşdırmalar zamanı məlum olub ki, o, müxtəlif şəxslərə təqaüdlərin və sosial ödənişlərin bərpa ediləcəyini, əlilliklə bağlı məsələlərin həll olunacağını, növbədənkənar əlil avtomobilinin veriləcəyini, habelə dövlət və özəl qurumlarda işlə təmin olunmanı vəd edib. Bu vədlərin heç birinin real əsasının olmadığı halda, zərərçəkmiş şəxslərdə inam yaradaraq onlardan pul vəsaitləri alıb.

İstintaqla sübuta yetirilib ki, Vüsal 2022–2024-cü illər ərzində bir neçə epizod üzrə, təkrarən və vahid niyyətlə hərəkət edərək müxtəlif zərərçəkmiş şəxslərdən xeyli miqdarda pul vəsaitini ələ keçirib. Pul vəsaitləri əsasən elektron ödəmə terminalları, bank kartları və birbaşa görüşlər zamanı qəbul edilib. Əldə edilən vəsaitlərin ümumi məbləği on minlərlə manat təşkil edib.

Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs bu əməlləri törədərkən qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə yolu ilə hərəkət edib, zərərçəkmiş şəxslərin heç birinin xeyrinə real və hüquqi nəticə doğuran hər hansı addım atmayıb, əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib.

Hacıqabul Rayon Məhkəməsinin hökmü ilə Vüsal İmranov 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin