“Space TV”nin efirində yayımlanan “Gəl danış” proqramında aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər yenidən müzakirələrə səbəb olub. O, bölgələrdən gələrək paytaxtda yerləşən universitetlərdə təhsil alan tələbələrin, xüsusilə bəzi qızların əxlaqsızlıq etdiyini bildirib.
Aparıcı efir vasitəsilə valideynlərə çağırış edərək övladlarını bölgələrdəki özlərinə yaxın ali təhsil müəssisələrinə yerləşdirilməsini təklif edib:
“Bu yaxınlarda şəhərdə idim, elə biabırçılıqlar, elə oyunlar görürəm ki... Valideynlər mal-qara saxlayıb, zülm çəkirlər. Bunu edənlərin 99 faizi tələbələrdir. Əgər Astaradansansa, qızını qoy Lənkəran Dövlət Universitetinə, Tovuz və Qazaxdasansa, qızını Gəncə Dövlət Universitetinə qoy, Yevlaxdasansa qızını Mingəçevir Dövlət Universitetinə qoy. Qızını nəyə Bakıya göndərirsiz?!”, deyə aparıcı deyib.
Bundan başqa o, Aran zonasından gəlib Bakıda ali təhsil alan bir tələbə qızın hər kəsə mesaj yazdığını deyib.
Aparıcı onsuz da fərasəti olanın hansısa şəkildə iş tapacağını, kollec və ya bölgə universitetlərinin diplomu ilə də işləyə biləcəyini bildirib.
Mövzuya münasibət bildirən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Bizim.Media-ya açıqlamasında Amil Xəlilinin efir vasitəsilə belə çağırışlar etməsinə münasibət bildirib:
“Space” telekanalında efirində, qızlar Bakıya təhsil almağa gəlməsinlər və s. kimi fikirlər səsləndirib. Bunun özü artıq diskriminasiyadır. İnsanın təhsil almaq, oxumaq üçün hansı şəhəri, hansı universiteti seçmək hüququ var. Efir vasitəsilə belə çağırışlar, qadınlara qarşı ayrı-seçkiliyi daha da artırır. Qızları cəmiyyətdən təcrid etməyin belə formaları üzə çıxır”.
Günay Şahmar, Bizim.Media





























































































