Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bağır Süleymanov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Elvin Əhmədov sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Bağır Ələkbər oğlu Süleymanov 22 iyun 1959-cu ildə Bakı şəhərində ziyalı
ailəsində anadan olub. 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qazneftmədən fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Bağır Süleymanov 1987-ci ildə texnika elmləri namizədi, 1997-ci ildə texnika üzrə elmləri doktoru elmi dərəcələrini, 2011-ci ildə ixtisas üzrə professor elmi adını alıb, 2014-cü ildə AMEA-nın Yer Elmləri bölməsinin "Neft və qaz yataqlarının işlənməsi" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2019-cu ildən isə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. Akademik Azad Mirzəcanzadənin elmi məktəbinin davamçısı olub.
B. Süleymanovun elmi fəaliyyətinin əsas istiqamətini neft yataqlarının işlənməsində heterogen sistemlərin tətbiqinin elmi və təcrübi əsaslarının yaradılması, neft hasilatı üçün yeni texnika, texnologiyaların və kimyavi tərkiblərin işlənib hazırlanması təşkil edib.
O, 321 elmi əsərin, o cümlədən 118 ixtiranın, 2 monoqrafiyanın və 4 dərsliyin müəllifidir. O, 25 fəlsəfə və 6 elmlər doktoru hazırlayıb.
Allah rəhmət eləsin!

Bizim.Media


































































































