Müəyyən qida məhsulları baş ağrısını artırır və miqrenə səbəb ola bilir.
Bizim.Media xəbər verir ki, bu barədə diyetoloq Svetlana Fus bildirib.
O qeyd edib ki, bu məhsullar estrogen və progesteron kimi bəzi hormonların səviyyəsinin dəyişməsinə gətirib çıxarır:
“Baş ağrılarının, o cümlədən miqrenin təxminən 20 faizi müəyyən qida komponentlərinin qəbulu ilə bağlıdır. Bəzi insanlarda baş ağrısı yemək zamanı və ya yeməkdən sonra başlayır. Bu halda qida rasionunuza diqqət yetirməlisiniz. Ola bilər ki, məhsullar sizin həssas olduğunuz maddələri ehtiva edir. Xüsusilə biogen aminləri. Onlardan ən məşhurları histamin və tiramindir”.
Diyetoloqun sözlərinə görə, bu maddələr böyük miqdarda pendirdə, maya və maya tərkibli məmulatlarda, həmçinin sosislərdə, pivədə, şərabda, şokoladda və qoz-fındıqda olur. Fus qeyd edib ki, şərabla birlikdə pendir yeyildikdə, ardınca isə bir parça şokolad və ya şokoladlı desert qəbul edildikdə baş ağrısı yarana bilər.
“Yadda saxlamaq lazımdır ki, məhsullar uzun müddət saxlanıldıqda tərkibində tiraminin miqdarı artır və köhnəlmiş məhsullarda onun miqdarı daha çox olur”, – deyə o əlavə edib.
Bundan başqa, miqrenin səbəblərindən biri də sulfitlər ola bilər. Konservantlar bakteriyaların çoxalmasının qarşısını almaq üçün qida məhsullarına əlavə edilir. Onlar şərabda, pivədə, quru meyvələrdə, marmeladda, pizzada, çipslərdə, mürəbbədə, dəniz məhsullarında və emal olunmuş ət məhsullarında ola bilər. Eyni zamanda, şirin qazlı içkilərin, saqqızların və hazır səhər yeməklərinin tərkibinə daxil olan aspartam da baş ağrısına səbəb ola bilər.
Miqrenin yaranmasında bir digər səbəb isə mononatrium qlutamatdır. O, hisə verilmiş və kolbasa məmulatlarının, müxtəlif konservləşdirilmiş məhsulların, sousların, quru ədviyyatların, suxariklərin və çipslərin istehsalında qida əlavəsi kimi istifadə olunur.
Siyahıya həmçinin konservləşdirilmiş ətin qırmızı rəngini sabitləşdirən və dad əlavəsi olan natrium nitrit də daxildir. O, sosislərdə, ət konservlərində, hisə verilmiş məhsullarda, bişmiş kolbasada, hisə verilmiş balıqda və bekonda olur.
Siyahının sonunda kofein yer alır. Bu maddə qəhvədə, tnüd rəngli çayda və enerji içkilərində mövcuddur. Gündə 2–3 porsiya bu cür içkilərin qəbulu baş ağrısının yaranma riskini artırır.
Bizim.Media

































































































