Yay təkərləri ilə QARLI YOLLARDA- Qış təkərləri məcburi olmalıdırmı?

Hazırda oxunan: Yay təkərləri ilə QARLI YOLLARDA- Qış təkərləri məcburi olmalıdırmı?

589084

Qış mövsümündə yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri avtomobillərin hava şəraitinə uyğun olmayan təkərlərlə idarə edilməsidir. Bir çox ölkələr bu riski azaltmaq üçün qış təkərlərinin istifadəsini məcburi qaydaya çevirib. Amma Azərbaycanda hələ də qış təkərlərinə ilə bağlı məcburi qanun tətbiq edilmir.

Arqument kimi ölkə ərazisinin böyük hissəsində sərt qış şəraitinin uzunmüddətli olmaması göstərilir. Lakin bu yanaşma Şamaxı, Quba, Qusar, İsmayıllı kimi dağlıq bölgələr üçün kifayət qədər əsaslı görünmür. Nəticə də göz önündə: bayram günlərində bölgələrdə qarlı yollarda onlarla sürücü çıxılmaz vəziyyətdə qaldı, daha bir neçəsi də qəza törətdi. Araşdırılsa bu maşınların əksəriyyəti hələ də yay rejimindən çıxmayıb.

Mövzu ilə əlaqədar avtomobil üzrə ekspert Seymur Nağıyev Bizim.Media-ya bildirdi ki, qış aylarında, xüsusən də qarlı-buzlu yollarda baş verən qəzaların əhəmiyyətli hissəsi məhz təkərlərin sürüşməsi ilə bağlıdır.

“Qış təkərlərinə keçilməməsinin əsas səbəblərindən biri laqeydlik, digəri isə iqtisadi amillərlə bağlıdır. Qış təkərləri sürücülər üçün əlavə maliyyə yükü yaradır və bu, xüsusilə aşağı gəlirli əhali arasında arzuolunan deyil. Ancaq qanun oldu-olmadı qış təkərlərinə keçid vətəndaşın özü üçün sərfəlidir. Hər mövsümdə dəyişiklik təkərləri uzunömürlü edəcək. Yalnız yay təkərlərindən istifadə olunsa 2-3 il gedəcək təkər, mütəmadi əvəzləndikcə 5-6 il xidmət edə bilər. İmkansızlığı bəhanə gətirirlər, amma bu doğru yanaşma deyil. Maşın sürürsənsə, bütün bu xərcləri nəzərə almalısan”.
 

Mütəxəssis diqqətə çatdırdı ki, Rusiyada mövsümə görə qış təkəri olmadan avtomobil idarə edən sürücülər cərimələnir. Oktyabr ayından qış təkərlərinə keçid başlayır, apreldə bitir. Apreldə isə yay təkərlərinə keçid mütləqdir.


Çünki təkərin üzərində olan “şpor”lar asfalt örtüyünə ziyandır.

“Qış təkəri məsələsi təkcə texniki detal deyil, birbaşa ictimai təhlükəsizlik problemidir. Qonşu ölkələrin təcrübəsindən göründüyü kimi, ciddi qaydalar mexanizmi ilə bu sahədə problemi həll etmək mümkündür. Son vəziyyət bir daha göstərdi ki, Azərbaycanda qış təkərlərinə keçidin məcburiyyəti artıq qaçılmazdır”.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin