Hər bayram tətilindən sonra işə əvvəlki qaydada adaptasiya olmaq çətinləşir. Ən azı bir neçə gün iş rejiminə uyğunlaşmaqda problemlər yaranır. Bir çox insan ilk günlərdə motivasiya çatışmazlığı, diqqət dağınıqlığı və ritmə düşməkdə çətinlik yaşayır.
Bəs “bayram sindromu”ndan necə xilas ola bilərik?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, tətildən sonra “bayram sindromu”ndan qurtulmaq bir xeyli çətin olur:
MÖVZU İLƏ BAĞLI:
Martda 17 gün İŞ OLMAYACAQ
“Ən əsası 1–2 gün yuxu rejimini normallaşdırmaq heç də asan olmur. İlk iş gününə başlamağa isə həvəs qalmır, fikir dağınıqlığı və konsentrasiya problemi yaşanır. Bu cür problemlərdən daha tez qurtulmaq üçün ilk iş günündə yüngül işlər görmək və özünüzə vaxt tanımaq adaptasiyanı asanlaşdırır.
Təbii ki, idman hər bir insanda fiziki aktivlik endorfinləri artırır və iş əhvalını yüksəldir. Bundan əlavə, bayramdan sonrakı ilk iş günündə masanızı səliqəyə salmaq, hər hansı bir dəyişiklik etmək çox vacibdir. Çünki təmiz, nizamlı masa diqqəti artırır və stres səviyyəsini azaldır.
Həmkarlarla qurulan ünsiyyət, qısa söhbət motivasiyanı artırır, iş mühitinə uyğunlaşmanı sürətləndirir.
Təbii ki, növbəti tətillə bağlı plan qurmaq psixoloji baxımdan stimullaşdırıcı addımdır. Yeni tətilə daha rahat yollanmaq üçün daha çox çalışmaq lazım olduğuna inandığınız zaman “bayram sindromu”ndan asanlıqla qurtula bilərsiniz”.
Surxay Atakişiyev, Bizim.Media































































































