Azərbaycan təhsil sistemində son illər müşahidə olunan kadr təyinatları artıq tək-tək istisna yox, sistemli problemə çevrilib. Bu problemin ən bariz nümunələrindən biri isə Bakı Xoreoqrafiya Akademiyasında baş verənlərdir. Bakı Xoreoqrafiya Akademiyası sıradan mədəniyyət müəssisəsi deyil. Bu akademiya ölkənin peşəkar xoreoqraflarını, baletmeysterlərini, pedaqoqlarını yetişdirən ali təhsil ocağıdır. Belə bir qurumun tədris prosesinə cavabdeh olan şəxsin elmi-pedaqoji hazırlığı, akademik təcrübəsi, ali təhsili və idarəçilik bacarığı olmalıdır.
Rəqqasə olmaq — hörmətli peşədir, lakin bu fakt ali məktəbi idarə etmək üçün hüquqi və peşəkar əsas yaratmır.
Bakı Xoreoqrafiya Akademiyasında baş verən kadr təyinatı ilə bağlı narazılıqlar artıq təkcə media müstəvisində deyil, sənət cameəsinin içindən də səslənir.
Bizim.Media Mediatv.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar artisti Mehriban Xanlarova özünün Facebook hesabında paylaşım edərək ciddi suallar qaldırıb.
Mehriban Xanlarova paylaşımında bildirib ki, ali təhsili olmayan, peşə fəaliyyəti rəqqasəlikdən ibarət olan Nailə Məmmədzadə əvvəlcə Bakı Xoreoqrafiya Akademiyasında tədris işləri üzrə prorektor, daha sonra isə rektor vəzifəsinə təyin olunub.
Əməkdar artist bu təyinatı sənətə və təhsilə hörmətsizlik kimi qiymətləndirərək, Mədəniyyət nazirliyini mövqelərini açıqlamağa çağırıb.
Bu paylaşım bir daha göstərir ki, söhbət fərdi iddialardan deyil, ictimai narahatlıq doğuran real problemdən gedir. Çünki Bakı Xoreoqrafiya Akademiyası ölkədə peşəkar xoreoqrafiya təhsili verən yeganə ali məktəblərdən biridir və burada qəbul edilən hər bir kadr qərarı birbaşa sənətin gələcəyinə təsir edir.
Orada tədris edən müəllimlər fənni apara bilmirlər. Çünki başqa ixtisasın müəllimləri onlara aid olmayan fənlərdən dərs deyir. Ən yaxşı müəllimləri, savadsız kadrlarla əvəzləyir. Təsəvvür edirsiniz, bu nə deməkdir?! 76 ildir incəsənətdəyəm, bir də eşidirəm ki, ora rəqs quruluşuna kimisə göndəriblər. Soruşuram ki, bu kimdir? Dedilər ki, bədii rəhbərdir. Bu gülüncdür. Bədii rəhbər kollektivlərdən yetişir, püxtələşir. Mən hələ onu bir rəqsdə, məktəbdə, kollektivdə görməmişəm. 1-2 il keçdi, onun vəzifəsini dəyişdilər. Prorektor qoydular. Bu adam kimlərinsə hesabına prorektor oldu. 3 ildir bu Akademiyada rəhbər yoxdur. Bir adamın ki, ali təhsil diplomu yoxdur, amma orada 3 vəzifəni icra edir. Həm bədii rəhbər, həm tədris üzrə prorektor, həm də rektor vəzifəsini müvəqqəti icra edir. Bu çox gülünc və qanuna ziddir. Təhsili, elmi dərəcəsi, rəqs sənətində uğurları olan insanlar rəhbər vəzifəsinə təyin olunmalıdır.O vaxt Muğam teatrı var idi, Arif Qazıyev rəhbərlik edirdi. Mən də orada olurdum, digər sənətkarlar da. Dedilər ki, bu Nailə də orada çalışıb. Dedim axı mən də orada olmuşam, heç onu görməmişəm?! Sən demə o gecələr, orada göbək rəqsi oynayan olub. Özü də ayaqyalın. İndi siz deyin, özfəaliyyətdən çıxmış bu qadın, göbək rəqsi oynayan oriental rəqqasə bu akademiyaya necə rəhbərlik edə bilər? 16 respublikanın içində ad çıxarmışdı bizim məktəb, hamı başına and içirdi".
P.S Bakı Xoreoqrafiya Akademiyasında baş verənlər təkcə bir şəxsin məsələsi deyil — bu,cəmiyyətdə ciddi suallar doğuran bir mövzudur.
Bizim.Media


































































































