Bir insan əvvəlcə yüksək dərəcəli spirtli içkilər qəbul edib, daha sonra aşağı faizli spirtli içkilərə keçdikdə, orqanizm bu dəyişikliklərə uyğunlaşmağa vaxt tapmır. Bu isə aldehid kimi toksik maddələrin orqanizmdə toplanmasına səbəb ola və alkoqol zəhərlənməsi riskini artıra bilər.
Bizim.Media xəbər veirr ki, bu barədə “Gazeta.Ru”ya həkim-qastroenteroloq Olqa Mayorova məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə zəif, daha sonra isə güclü spirtli içkilərin qəbul edilməsi tövsiyə olunur. Bu yanaşma sürətli sərxoşluğun və ertəsi gün “paxmel” vəziyyətinin qarşısını almağa kömək edə bilər. Spirtli içkilərin dozasının tədricən artırılması qanda etanolun konsentrasiyasının mərhələli artmasına imkan verir ki, bu da kəskin və güclü sərxoşluq riskini azalda bilər.
Bununla belə, bəzi mütəxəssislər hesab edirlər ki, spirtli içkilərin hansı ardıcıllıqla qəbul edilməsinin əhəmiyyəti yoxdur və əsas məqam ümumilikdə içilən alkoqolun miqdarıdır.
Mayorova qeyd edib ki, zəif spirtli içkilərə keçid bəzən onların daha çox miqdarda içilməsinə səbəb olur ki, bu da eyni dərəcədə təhlükəlidir.
Həkimin fikrincə, əsas həlledici amil qəbul edilən təmiz etanolun ümumi miqdarıdır. Axşam boyu eyni içki qəbul edilsə belə, miqdar nəzarətsiz olarsa, risklərdən qaçmaq mümkün olmayacaq.
Əgər bir axşam ərzində bir neçə növ spirtli içkinin dadına baxılması planlaşdırılırsa, qəbul aralarında ən azı 20 dəqiqə, mümkün olduqda isə daha uzun fasilələr vermək tövsiyə edilir. Çünki alkoqol qanda orqanizmin onu parçalama sürətindən daha tez toplanarsa, intoksikasiya əlamətləri yaranır.
Fasilələr zamanı kifayət qədər su içmək orqanizmin yükün öhdəsindən daha yaxşı gəlməsinə kömək edir. Eyni zamanda, suyu şirələrlə əvəz etmək məsləhət görülmür, çünki şirələr mayalanma proseslərini gücləndirə və orqanizmə əlavə yük yarada bilər.
Bizim.Media



































































































