Son illər hüquqi yardımın keyfiyyətinin artırılması və vətəndaşların vəkil xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Görülən işlər çərçivəsində Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı, vəkillər və büro əməkdaşları iştirak ediblər.
Açılış mərasimində Bakı şəhəri 1 saylı Vəkil Bürosunun rəhbəri İlqar Bəhrəmiyyə büro barədə ətraflı məlumat verərək bildirib ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, giriş 225 ünvanında müasir standartlara uyğun şəkildə qurulan ofis vəkillərin peşə fəaliyyətinin səmərəli təşkili üçün bütün zəruri şəraitlə təmin edilib.
Ümumi sahəsi 216 kvm olan büroda geniş və işıqlı vəkil otaqları, konfidensial görüş üçün ayrıca otaq, konfrans zalı, mühasibat otağı mövcuddur. Otaqlar müasir texniki avadanlıqlar və mebellə təchiz olunub, vəkillərin istirahəti, vətəndaşların qəbulu üçün rahat imkanlar yaradılıb.
Daha sonra açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov büronun yeni inzibati binasının açılmasını hüquq sisteminin inkişafı baxımından mühüm addım kimi dəyərləndirib. Vəkillik fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini qeyd edib. O bildirib ki, yeni inzibati binanın fəaliyyəti ölkədə hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına xususi töhfə verəcək.
Anar Bağırov bildirib ki, hazırda ölkə üzrə fəaliyyət göstərən vəkil bürolarının sayı 144-ə çatıb və bu qurumların hamısı beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təmin olunub. Qeyd edilib ki, bu addımlar vətəndaşların keyfiyyətli və əlçatan hüquqi yardımla təmin edilməsinə xidmət göstərir.
Eyni zamanda Anar Bağırov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 28 dekabr tarixinin Vəkil Günü kimi təsbit edilməsi ölkəmizdə vəkillik institutuna, vəkillərin peşəkar fəaliyyətinə və onların ədalət mühakiməsinin təmin olunmasında mühüm roluna göstərilən yüksək dövlət diqqətinin və dəyərin bariz nümunəsidir.
A.Bağırovun nitqindən bir hissə
Sonda büronun müdiri İlqar Bəhrəmiyyə diqqətə çatdırıb ki, yeni qurumun əsas məqsədi vətəndaşlara peşəkar, şəffaf və əlçatan hüquqi xidmətlərin göstərilməsidir. Onun sözlərinə görə, burada mülki, cinayət, inzibati, ailə və əmək hüququ sahələrində vətəndaşlara xidmət göstəriləcək. İ.Bəhrəmiyyə qeyd edib ki, büroda həssas qrupdan olan, eləcə də aztəminatlı vətəndaşlar üçün pulsuz və güzəştli hüquqi yardım xidmətləri də nəzərdə tutulur.
İ.Bəhrəmiyyənin açıqlaması
Sonda yeni binaya Vəkillər Kollegiyasının adından hədiyyələr təqdim olunub.

Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media






























































































