Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənin 12 il azadlıqdan məhrum olunmasını təklif edib.
Müdafiə tərəfi çıxış üçün vaxt istədiyindən növbəti proses yanvarın 12-nə təyin edilib.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, hər iki şəxs Bakıdakı tanınmış çörək zavodlarından birinin işçisi olub. (Oxu.az)
Bizim.Media
































































































