Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Əvvəlcə festival barədə məlumat verilib. Bildirilib ki, 2023-cü ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub yaşadılması və dövlətinə, vətəninə bağlı gəncliyin yetişdirilməsidir. Layihə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət və gənc istedadların dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir.
Uşaq İncəsənət Festivalı təkcə müsabiqə formatı ilə deyil, həm də uşaqların inkişafına yönəlmiş geniş yaradıcılıq platforması kimi çıxış edərək, onların komanda işi, səhnə mədəniyyəti, yaradıcı yanaşma və özünüifadə bacarıqlarının formalaşmasına töhfə verir. Bu platforma Uşaq İncəsənət Festivalını artıq müsabiqə formatından çıxararaq, ölkə üzrə istedad bankının formalaşdırılmasına xidmət edən bir mədəniyyət mexanizminə çevirib. Belə ki, Azərbaycanın bütün bölgələrindən olan 6–17 yaş aralığındakı uşaqları bir araya gətirən festival ötən müddətdə peşəkar və həvəskar kateqoriyalar üzrə yaradıcılıq mübadiləsi üçün geniş imkanlar yaradıb.
2025-ci ilin mart ayından start götürən builki festivala 27 mindən çox iştirakçı müraciət edib və bu göstərici layihənin geniş miqyasını, uşaqların incəsənətə artan marağını bir daha təsdiqləyir.
Seçim mərhələlərinin nəticələrinə əsasən 19 fərdi və 5 kollektiv nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Beləliklə, festival üzrə ümumi qalib sayı 512 nəfər olub.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinin gənc kadrların, gənc istedadların üzə çıxarılmasına dövlət dəstəyinin göstərilməsi olduğunu bildirib. Nazirin sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən gənc istedadların müəyyən edilməsi, onların təhsilinin, eyni zamanda, fərdi inkişafının dəstəklənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilməkdədir.
Qeyd edək ki, Uşaq İncəsənət Festivalı inklüzivlik prinsiplərinə əsaslanaraq hər bir uşağın bərabər iştirakını təmin edir. Festival çərçivəsində qarmon ifaçılığı, dekorativ-tətbiqi sənət və rəssamlıq nominasiyaları üzrə sağlamlıq imkanları məhdud olan uşaqlar da iştirak edib və qalib olublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılmış əlçatan mühit onların istedadlarını sərbəst nümayiş etdirməsinə imkan verib. Festival mədəniyyət sahəsində bərabər imkanların və sosial inteqrasiyanın təşviqinə xidmət edir.
Layihənin növbəti illərdə daha geniş proqramla davam etdirilməsi və minlərlə uşağın yaradıcılıq yoluna dəstək olması nəzərdə tutulur.










Bizim.Media
































































































