Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən axşamdan başlayaraq Şimal-Qərb bölgəsində hava şəraiti dəyişib, əvvəlcə yağış və sulu qar, sonradan isə qar yağıb.
Bölgənin yüksək dağlıq və dağətəyi ərazilərində qarın qalınlığı 5-7 sm aralığında dəyişib.
Yaşayış məntəqələrində qar daha çox Şəkinin Kiş və Şin kəndlərinə yağıb ki, burada 1-3 sm olub.
Qaxın ucqar Sarıbaş kəndində 5-6 sm, İlisuya isə 2-4 sm qar yağıb. Rayon avtomobil yollarının istismarı idarəsindən bildirilib ki, qarın yağması nəqliyyatın hərəkətində heç bir problem yaratmayıb.
Axşamdan qar fasilələrlə yağıb və yollar buz bağlamayıb. Səhərin erkən saatlarından qabaqlayıcı tədbirlər kimi yollara nəzarət artırılıb. Nə axşam, nə də hazırkı saatlarda İlisu kəndinə gediş-gəlişdə heç bir problem, məhdudiyyət müşahidə olunmayıb.
Qeyd edək ki, bölgə rayonlarına qar fasilələrlə yağır. Hazırkı saatlarda isə dayanıb və bəzi ərazilərdə buludların arxasından günəş də çıxıb.
Yeri gəlmişkən bölgədən keçən avtomobil yolları və magistrallarda da heç bir problem yaşanmır. Rayonlarda qaz və elektrik enerjisinin verilməsində problem qeydə alınmayıb.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

































































































