Tarixə gömdüyümüzü düşünürdük, yenidən dirildi – Cüzam epidemiyası geri qayıdır?

Hazırda oxunan: Tarixə gömdüyümüzü düşünürdük, yenidən dirildi – Cüzam epidemiyası geri qayıdır?

587421

Unudulmuş xəstəlik hesab olunan cüzam onilliklər sonra yenidən Avropada baş qaldırıb. Rumıniya və Xorvatiyada başlayan cüzam artıq Avropanın digər ölkələrinə də “ayaq açıb”.

Epidemik xəstəliklərin adətən Asiya və ya Afrikadan gəlməsini nəzərə alsaq, bu dəfə Avropa niyə bəlanın mərkəzinə çevrilir?
 

Bu məqamda tarix köməyimizə gəlir. Məsələ burasındadır ki, 3000 illik tarixi olan xəstəlik elə qədim Romadan başlayıb. Avropada isə Orta əsrlərdə geniş yayılıb. Vəziyyət o qədər dəhşətli imiş ki, cüzam xəstələrinə xüsusi rəngli paltar geyindirib, zınqırov taxırmışlar ki, uzaqdan bilinsin. İlk dəfə 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen cüzamı yaradan  mikroorqanizm tapıb və periferik sinir sistemi ilə əlaqəli olduğu bilinib.


Hazırda isə cüzam hallarının Avropada görünməsinin bir neçə spesifik səbəbi var: Avropa qlobal qovşaqdır. Cüzamın inkubasiya (gizli qalma) dövrü çox uzundur (2 ildən 20 ilə qədər). Asiya və Afrikadan gələnlər bu xəstəliklə uzun illər yaşaya evlənə, ailə sahibi ola bilərlər.

Cüzam necə xəstəlikdir?

Cüzam Mikobakterium lepra adlı bakteriyanın törətdiyi xroniki infeksion xəstəlikdir. Əsasən dərini, periferik sinirləri, yuxarı tənəffüs yollarının selikli qişasını və gözləri zədələyir.

İnfeksionist Turan İbrahimovanın Bizim.Media-ya verdiyi açıqlamaya görə, cüzam yoluxucu xəstəlik olsa da asanlıqla yoluxan deyil: xəstə ilə uzun müddətli təmas (xüsusən hava-damcı yolu ilə) olmalıdır ki, daşıyıcı olsun. Müasir tibbdə "Multidrug Therapy" (MDT) ilə tam sağalır. Müalicəyə başlayan xəstə artıq bir neçə gündən sonra yoluxdurucu olmur.

Epidemiya riskinə gəlincə... 
 

Mütəxəssis bildirib ki, əslində müasir dünyada cüzamın genişmiqyaslı yayılması inandırıcı deyil. Çünki dünya əhalisinin təxminən 90%-nin bu bakteriyaya qarşı təbii genetik immuniteti var. Üstəlik bakteriya çox ləng inkişaf edir, bu da onun sürətli yayılmasının qarşısını alır. Azərbaycan üçün cüzam yüksək riskli təhlükə hesab olunmur.


“Azərbaycanda cüzamla mübarizə sahəsində böyük təcrübə var. Məsələn, Bakının Umbakı qəsəbəsində yerləşən Respublika Cüzam Xəstəxanasını deyək.  Hazırda ölkədə xəstəlik tam nəzarət altındadır. Azərbaycanın iqlim şəraiti və sanitariya qaydaları xəstəliyin kütləvi yayılması üçün əlverişli deyil. Yəni,  Azərbaycan vətəndaşları üçün təşvişə düşməyə ciddi əsas yoxdur. Sadəcə Rumıniya və Xorvatiyadakı xəbərlər daha çox tibbi nəzarətin gücləndirilməsi üçün bir xəbərdarlıq olmalıdır”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin