AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

Hazırda oxunan: AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

587292

Bakıdan Qroznıya uçanAZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ötür.

Bizim.Media xatırladır ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. 

Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
 

İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. 


Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.

Qəzada kapitan İgor Kşnyakin, birinci pilot Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva həlak olub. Digər iki bələdçi Zülfüqar Əsədov və Aydan Rəhimli sağ qalıb.


Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədov rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə təyyarənin həlak olan ekipaj üzvləri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüblər, dövlət başçısı onların vida mərasimində iştirak edib. Sağ qalan ekipaj üzvləri 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltib ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin