Azərbaycanda atlara sevgi qədim tarixə söykənir. Sürətli yerişi, qüvvəsi, dözümlülüyü və sədaqəti ilə seçilən atlar əsrlər boyu kənd təsərrüfatında, xüsusilə də dağlıq ərazilərdə insanların ən yaxın köməkçisi olub.
Bu gün sizə ömrünü at belində keçirən bir insanın həyat hekayəsini təqdim edirik.
Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 98 yaşlı Nuruş Ağaqulu oğlu Qasımov 6 yaşından bu günə qədər atçılıqla məşğuldur. Yaşı 100-ə yaxınlaşsa da, Nuruş kişi hələ də hər gün kilometrlərlə at çapır. Deyir ki, onu bu yaşda gümrah saxlayan da elə at belində keçirdiyi ömürdür.
Kənd sakinlərinin söylədiyinə görə, keçmişdə dağa qoyun-quzu apararkən ermənilər tez-tez yolları kəsərək azərbaycanlıları qarət etməyə çalışırmışlar. Məhz bu səbəbdən kəndlilər sürünün önünə həmişə Nuruş kişini veriblər. Onun mərdliyi və igidliyi Yevlax rayonunun bir çox kəndlərində bu gün də dillər əzbəridir.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu





























































































