Xəbər verdiyimiz kimi Göyçayda güclü yanğın hadisəsi baş verib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Fizuli küçəsində qeydə alınıb.
Belə ki, rayon sakinləri 1977-ci il təvəllüdlü Elnur Ismayılov və 1955-ci il təvəllüdlü Almaz Əliyevaya məxsus ümumi sahəsi 260 kv metr olan bir-birinə bitişik və 4 ailənin yaşadığı 7 otaqlı evin 4 otağı yanar kanstruksiyaları ilə birlikdə yanaraq külə dönüb, 3 otaq isə yanğından mühafizə olunub.
Dərhal əraziyə FHN-nin 4 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Ev sahibəsi Nurəngiz Səfiyeva yerli büromuza bildirib ki, yanğın onun evdə olmadığı saatlarda baş verib:
“İşdə idim, qonşum zəng etdi ki, “eviniz yanır”. Gəldim gördüm bizim evdir yanan. Mən evdə heç nəyi “tokda” saxlamıram. Evdə hər şey yanıb külə dönüb, pullarım, qızıllarım - nəyim vardı hamısı yanıb”.
Digər ev sahibi Elnur İsmayılov isə bildirib ki, yanğın barədə məlumatı övladından alıb:
“Uşaq zəng elədi ki, ev yanır. Gəldim gördüm artıq en yanıb. Yanğın söndürənlər gəldilər, amma yenə nəyimiz vardı - pul, qızıllar, sənədlər, hamısı yanıb külə dönüb”.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu


























































































