Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

Hazırda oxunan: Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

586490

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib.

Ədliyyə Nazirliyi tərəfindən artıq bu gündən etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Belə ki, amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı artıq hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib.

Bizim.Media xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.

“Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.

Ədliyyə Nazirliyi tərəfindən Qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirə salınmadan həyata keçiriləcək.

Həmçinin Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Milli Məclis bu gün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edib.

Amnistiya elan olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin