“Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

Hazırda oxunan: “Media Savadlılığı” Həftəsi - Dezinformasiyaya qarşı cəmiyyətin müdafiə mexanizmi

586428

İnformasiya ən qorxulu silahdır. Onunla ehtiyatsız davranış çox ağır nəticələrə səbəb olur.

Çox təəssüf ki, bu gün informasiyanı təkcə rəsmi qurumlar və rəsmi media orqanları yayımlamır. Sosial şəbəkə fenomenləri bu sahədə daha “fəal”dır. Ən pisi də odur ki, onlar əksər informasiyaları kiminsə məlumatlanması və yaxud mariflənməsi üçün yox, “layk” yığmaq üçün paylaşırlar. Belə vəziyyətdə isə informasiya ədalətli, qərəzsiz və obyektiv olmaqdan çıxır. Sırf “layk” toplama alətinə çevrilir.

Təəssüflə deməliyik ki, bəzi saytlarda, xəbər səhifələrində də bu cür xoşagəlməz hallara rast gəlinir. Xüsusən də, xaricdə baş vermiş fəlakətləri, ajiotaj yaradan xəbərləri qeyri-müəyyən formalı başlıqlarla təqdim etmək insanların sağlamlığına, psixologiyasına ciddi zərbə vurur.

Dezinformasiya ilə mübarizə: fərdi və ictimai məsuliyyət

Təsadüfi deyil ki, rəqəmsal dövrdə informasiya sürətlə yayılır və bu sürət bəzən məlumatların yoxlanılmasına imkan vermir. Bu səbəbdən də bəzilərimiz istəməyərəkdən dezinformasiya ötürücüsünə çevrilirik.

Amma unutmaq olmaz ki, dezinformasiya qəsdən yayılan yanlış və ya manipulyativ məlumat olaraq cəmiyyətə etimadı sarsıdır, ictimai qərarları yanlış istiqamətə yönəldir və sosial gərginlik yarada bilir. Ona görə də dezinformasiyaya qarşı mübarizə təkcə jurnalistlərin və ya dövlət qurumlarının deyil, həm də hər bir vətəndaşın vəzifəsidir.

Problemin həlli: Media savadlılılığının önəmi

Təbii ki, dezinformasiya axınının qarşısını almaq üçün media savadlılığın artırılması olduqca vacibdir. Bu məsələdə informasiya alan tərəfin – cəmiyyətin də savadlı olması zəruri şərtdir.
 

Nəzərə alaq ki, media savadlılığı olan insan müxtəlif media mənbələrindən yayılan məlumatları anlaya, təhlil edə, qiymətləndirə və məsuliyyətlə istifadə edə bilir. Media savadlılığı olan insan məlumatın mənbəyini və etibarlılığını yoxlayır, xəbərin məqsədini və mümkün manipulyasiyanı dərk edir, saxta və ya yanlış informasiyanı tanıya bilir.


Ən nəhayət istənilən məlumatı özünün məntiq süzgəcindən keçirərək etik şəkildə paylaşır.

Üstəlik, media savadlılığı rəqəmsal dövrdə doğru informasiyanı seçmək və dezinformasiyadan qorunmaq üçün vacib olan əsas bacarıqdır. Bu gün informasiya axını o qədər sürətli və dəyişkəndir ki, onunla ayaqlaşmaq bəzən çətin olur. Bununla belə media savadlılığı olan insan bu axındakı ən doğru və oxunaqlı xəbəri seçə bilir.

Süni intellekt erası – Media savadlılığının önəmi daha da artır

Günümüzdə texnologiya o qədər inkişaf edib ki, süni intellektlə saxta video və səslər düzəltmək olur. Ona görə də həqiqi və yaxud saxta informasiyanı seçmək çətin olur. Belə məqamda media savadlılığı köməyə çatır. Güclü məntiqi və yetərli media savadlılığı olan insan dərhal anlayır ki, qarşısına çıxan video saxta, yoxsa gerçəkdir.

Bu mənada irəli getmək, inkişaf etmək istəyiriksə, media savadlılığımızı artırmalıyıq. Bu tələb təkcə jurnalistlər üçün vacib deyil. Cəmiyyətdə aktiv rol oynayan hər kəsin media savadlılığı olmalıdır ki, ölkəmiz, xalqımız dezinformasiyalardan daha az zərər görsün.

Etik paylaşım mədəniyyəti

Nəzərə alaq ki, dezinformasiya ilə mübarizə yalnız texniki və hüquqi tədbirlərlə məhdudlaşmır. Cəmiyyətdə tənqidi düşüncə, etik paylaşım mədəniyyəti və informasiya məsuliyyəti formalaşmalıdır. Hər bir istifadəçi öz rəqəmsal davranışına cavabdeh olduğunu dərk etməlidir.

Dezinformasiya müasir dövrün ən ciddi çağırışlarından biri olduğu üçün ona qarşı effektiv mübarizə fərdi diqqət, güclü media, məsuliyyətli dövlət siyasəti və inkişaf etmiş texnologiyaların vəhdətini tələb edir. Ən əsası isə, hər birimiz paylaşdığımız məlumatın cəmiyyətə təsirini düşünərək hərəkət etməliyik. Bu, sağlam informasiya mühitinin əsas şərtidir.

“Media Savadlılığı” Həftəsinin strateji önəmi

Media savadlılığının artırılması Medianın İnkişafı Agentliyinin fəaliyyətində prioritet istiqamətlərdən biridir.

Belə ki, 2022-ci ildən etibarən hər ilin dekabr ayında Agentlik tərəfindən təşkil edilən “Media Savadlılığı” Həftəsi çərçivəsində müxtəlif hədəf qruplarına yönəlmiş təlim və inkişaf proqramları, maarifləndirmə və təbliğat tədbirləri, müxtəlif kampaniyalar keçirilir.

Ənənəvi olaraq bu il də təşkil edilən “Media Savadlılığı” Həftəsi dekabrın 15-22 dekabr tarixlərini əhatə edir. Həftənin keçirilməsində əsas məqsəd cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsi, həssas istifadəçi qrupu hesab edilən və bir çox hallarda zərərli məlumatların təsirinə məruz qalma ehtimalı yüksək olan yeniyetmə və gənclərin media savadlılığı mövzusunda bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın genişləndirilməsidir.

Media savadlılığının artırılması istiqamətində davamlı olaraq maarifləndirici tədbirlərin keçirilməsi bu məsələnin MEDİA üçün prioritet olduğunun göstəricisidir.

Üstəlik, təşkil olunan tədbirlərin coğrafiyası hər il genişləndirilir. Eyni zamanda tədbir iştirakçılarının auditoriyası da böyüyür.
 

Keçirilən bütün tədbirlərdə, görüşlərdə aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının, sahə üzrə ixtisaslaşan beynəlxalq və yerli ekspertlərinin iştirakı təmin edilir, aktual mövzular ətrafında müzakirələr aparılır, media savadlılığı sahəsində tətbiq olunan yeni metodlar təşviq edilir, qlobal trendlər və səmərəli əməkdaşlıq modelləri barədə təcrübələr bölüşülür.


Media savadlılığı ümimmilli məsələdir.

Media savadlılığı birbaşa dövlət təhlükəsizliyi və cəmiyyətin sabitliyi ilə bağlı olan ümummilli məsələdir. Bu baxımdan “Media Savadlılığı” Həftəsi çərçivəsində keçirilən tədbir və təlimlərdə fəal iştirak təkcə jurnalistlər üçün deyil, həm də cəmiyyət üçün zəruri və vacib şərtdir. Çünki sağlam informasiya mühiti yalnız media savadlılığının artırılması ilə formalaşa bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin