Buzovnada qonşusunu öldürən, arvadı və oğlunu yaralayan İnşallah Hacıyevin cinayət işi üzrə ilk məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm elan edilib və İnşallah Hacıyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 6-da Bakının Buzovna qəsəbəsində baş verib. Qəsəbədə yaşayan İnşallah Hacıyev yaranmış mübahisə zamanı qonşuları - 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu, 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib. Qurban Məlikov hadisədən bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb və ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, İnşallah Hacıyev məlum cinayəti 18 yaşı tamam olmamış törədib.
Bizim.Media































































































