Kürdəmirdə Girdimançayın üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb və mövcud durumu ciddi narahatlıq doğurur. Yerli sakinlərin bildirdiyinə görə, 2004-cü ildə tikilərək istifadəyə verilən körpüdə son bir ilə yaxındır ki, geniş və dərin çatlar əmələ gəlib. Bəzi hissələrdə aşınma və çökmə müşahidə olunur. Uzun illər istismar edilən körpü texniki baxımdan köhnəlib və hazırkı vəziyyətdə onun üzərindən ağır tonnajlı nəqliyyat vasitələrinin keçməsi xüsusilə təhlükəlidir.

Kürdəmir rayonunun bir neçə yaşayış məntəqəsini birləşdirən körpü əsas yol üzərində yerləşdiyi üçün gündəlik olaraq çox sayda avtomobil və piyadalar tərəfindən istifadə olunur. Bu isə təhlükə riskini daha da artırır.
Mövcud qəzalı durum istənilən an xoşagəlməz hadisəyə səbəb ola bilər. Yerli əhali aidiyyəti qurumlardan körpünün texniki vəziyyətinin təcili şəkildə yoxlanılmasını, zəruri bərpa və ya yenidənqurma işlərinin aparılmasını tələb edir.

Rayonun Şahbəyli kənd sakini İsa Xəlilov yerli büromuza bildirib ki, yaxın vaxtlarda körpüdən keçən bir ailənin avtomobili çökəyə düşüb. Nəticədə nəqliyyat vasitəsinin sağ tərəfdəki hər iki təkəri sıradan çıxıb.
Sürücülər Ədalət İsmayılov və Əliağa Əzimov da bildiriblər ki, bir neçə dəfə onların avtomobilləri körpü üzərindəki çalalara düşərək zədələnib. Onlar aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını xahiş edirlər.
Digər sürücülər — Ağarizə Əkbərov və Vaqif Həsənov isə qeyd ediblər ki, hər gün bu yoldan istifadə edirlər və körpünün bərbad vəziyyəti səbəbindən avtomobilləri tez-tez sıradan çıxır. Bu da onları davamlı olaraq əlavə xərcə salır.

Qeyd edək ki, körpünün alt hissəsində yerləşən bir neçə beton arakəsmədə iri çatlar əmələ gəlib. Hətta bəzi yerlərdə betonun içərisindəki armatur hissələrinin açıq şəkildə göründüyü müşahidə olunur ki, bu da vəziyyətin ciddiliyindən xəbər verir.
Məsələ ilə bağlı Bizim.Media-nın Aran bürosu tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlanıb. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yerli büromuza açıqlamasında bildirib ki, körpü ilə bağlı təkliflər planı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub və maliyyə vəsaitinin ayrılması istiqamətində işlər aparılır. Onun sözlərinə görə, maliyyə vəsaiti ayrılan kimi sözügedən körpüdə əsaslı bərpa işlərinə başlanılacaq.
Anar Nəcəfli əlavə edib ki, hazırda körpüdə hərəkətin təhlükəsizliyi baxımından ciddi risk qeydə alınmayıb.
Ümid edirik ki, aidiyyəti qurumlar faciə yaşanmamış məsələyə tez bir zamanda reaksiya verəcək və körpüdə yaranan təhlükə aradan qaldırılacaq.







Bizim.Media, Aran bürosu





























































































