Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması mərhələsində istintaq materiallarına əlavə edilmiş sənədlər tədqiq olunub.
Məhkəmədə Azər Qasımlının zərərçəkmiş Qurbanəli Yusifovla üzləşdirmə protokolu elan edilib. Daha sonra zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə səsləndirilib.
Bunun ardınca zərərçəkmişin Mingəçevir Şəhər Polis Şöbəsinə ünvanladığı ərizə elan olunub. Ərizədə Qurbanəli Yusifov Azər Qasımlı tərəfindən şantaj edildiyini, övladları ilə hədələndiyini qeyd edib. O, həmçinin Azər Qasımlının ona "Pulun yoxdursa, böyrəyini sat, pul ver" ifadəsini işlətdiyini bildirib və barəsində tədbir görülməsini xahiş edib.
Daha sonra iş üzrə digər sənədlər, eləcə də Azər Qasımlıya məxsus bank sənədləri məhkəmədə elan olunub.
Məhkəmə prosesinin növbəti iclası dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində daxil olmuş müraciət əsasında 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirləndirilir.
Bizim.Media




































































































