Benzin mühərrikli maşınlara GERİ DÖNÜŞ – Elektromobil trendi sona ÇATIR?

Hazırda oxunan: Benzin mühərrikli maşınlara GERİ DÖNÜŞ – Elektromobil trendi sona ÇATIR?

586044

Avropanın avtomobil istehsalçıları son dövrlərin ən ciddi problemlərilə üz-üzədirlər.

ABŞ-ın tətbiq etdiyi yüksək idxal rüsumları, Avropada tələbatın zəifləməsi, elektromobillərə keçid və Çində kəskin qiymət rəqabəti “köhnə qitə”nin avtomobil istehsalı sahəsində imkanlarını daraldır.

Bu vəziyyət xüsusən də özünü avtomobil istehsalı üzrə dünya nəhənglərindən olan Almaniyada göstərir.

Belə bir çətinliklərin mövcud olduğu bir zamanda Avropa Komissiyası daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin istehsalının mərhələli şəkildə dayandırılması ilə bağlı əvvəlki qərarının yumşaldılmasını təklif edib.
 

Brüsselin planlarına əsasən, 2035-ci ildən sonra da Avropa İttifaqında (Aİ) daxiliyanma mühərrikli, hibrid və “range-extender” tipli avtomobillərin yeni qeydiyyatına icazə verilə bilər. Bunun üçün avtomobil istehsalçıları artıq yeni avtomobillərin CO₂ emissiyalarını sıfıra endirmək məcburiyyətində qalmayacaqlar.


Komissiyanın təklifinə görə, 2035-ci ildə istehsalçıların yeni avtomobilləri üzrə orta CO₂ emissiyası 2021-ci illə müqayisədə azı 90 faiz azaldılmalıdır. Bu hədəfə nail olmaq üçün şirkətlər elektrik avtomobillərinin satışını artırmaqla yanaşı, digər sahələrdə əldə olunan CO₂ qənaətlərini də nəzərə alacaqlar.

Avropa Komissiyası bioyanacaqların payının artırılmasını mövcud nəqliyyat parkında emissiyaların azaldılması üçün mühüm vasitə kimi qiymətləndirir.

Tarixi təcrübə - Elektrikli avtomobillər niyə özünü doğrultmadı?

Qeyd edək ki, əvvəlki dövrlərdə - ötən əsrin 70-ci və 90-cı illərində də elektrik avtomobillərə kütləvi maraq yaranıb. 1970-ci illərdə neft böhranı elektrikli avtomobillərdən istifadəni aktuallaşdırıb. Lakin o dövrün texnologiyası yetərli səviyyədə deyildi. Üstəlik, neft böhranının sona çatması həmin dövrdə elektrik avtomobillərin qısa zamanda dəbdən düşməsinə səbəb oldu.

1990-cı illərdə ABŞ-ın Kaliforniya ştatında ekoloji normaların sərtləşdirilməsi elektrikli avtomobillərdən istifadəni yenidən gündəmə gətirdi. Həmin dönəmdə yüksək istehsal xərci, avtomobil sənayesi nəhənglərinin və neft lobbilərinin müqaviməti, o cümlədən dövlət siyasətinin dəyişməsi fonunda elektrikli avtomobillər yenidən gündəmdən düşdü.

Elektrikli avtomobil trendi sona çatır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL-ın sədri, iqtisadçı ekspert Natiq Cəfərli mövcud vəziyyətdə elektrik avtomobilləri trendinin sona çatacağını düşünmür:
 

“Amma bu proses ciddi şəkildə zəifləyəcək. Çünki praktikada elektrik avtimobillərinin zəif cəhətləri üzə çıxdı. Bu avtomobillər hava şəraitinə çox həssasdır. Soyuq havada, Şimali Avropa ölkələrində onların qeyri-praktik olduğu, habelə daxili yanma mühərrikinin özünün daha az ziyanlı olduğu da bəlli oldu. Çünki elektrik avtomobilləri işləyərkən təbiətə az ziyan vurur.


Lakin istehsalı təbiətə daha çox zərər verir. Onun batereyalarının istehsalı üçün 11 adda nadir elementdən istifadə olunur. Onların da yer təkindən çıxarılması, emalı ekologiyaya daha böyük ziyan gətirir. Bu barədə daha çox elmi araşdırmalar, məqalələrin çıxması fonunda Avropa İttifaqı da bir addım geriyə çəkilməyə məcbur oldu”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin