Məktəblərdə ilkin tibbi yardım dərslərinin tədrisi HANSI VƏZİYYƏTDƏDİR?

Hazırda oxunan: Məktəblərdə ilkin tibbi yardım dərslərinin tədrisi HANSI VƏZİYYƏTDƏDİR?

586030

Bu il metroda bir neçə şəxs qəfil ürəktutmasından vəfat edib. Həmçinin, tez-tez ictimai yerlərdə, avtobus və metroda kiminsə halının pisləşdiyininin, səhhətində problem yarandığının şahidi oluruq. Belə anda adətən, insanlar həmin şəxsin başına toplaşır, ona yardım etmək istəyirlər. Bu da həmişə müsbət nəticə vermir.
 

Çünki ilkin tibbi yardım, ürək masajı, süni tənəffüs, təzyiqin ölçülməsi və bu kimi sadə tibbi biliklər olmadan yardım uğurlu olmaya bilər. Bu cür biliklər isə məktəbdə, universitetlərdə insanlara öyrədilir. Lakin görünən odur ki, ya insanlar bunu öyrənməyə meyl etmirlər, ya da həmin biliklərin tədrisi istənilən səviyyədə deyil.


Azərbaycan məktəblərində tibbi biliklər ayrıca fənn kimi tədris olunmasa da müxtəlif dərsliklərin daxilində mövzu kimi tədris olunur. Bəzi məktəblərdə isə ilkin tibbi yardım dərsləri heç bir təcrübəyə dayanmadığından effektiv olmur. Nəticədə yanğın, boğulma, suda batma, ürək tutması zamanı insanlar necə davranacaqlarını bilmir, yaxud da yanlış biliklərlə müdaxilə edirlər.

Bəs bu mövzuya həsr edilən dərslər neçənci sinifdə tədris olunur və hansı fənn müəllimi bunu tədris edir?

Mövzu ilə bağlı təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya deyib ki, şagirdlərin bu biliklərə yiyələnməsi vacibdir:

“Konkret bir fənn kimi tibbi biliklərin tədrisi nəzərdə tutulmur. Sadəcə, “Həyat bilgisi” dərsliyində şagirdlərə müvafiq olaraq bilik və bacarıqlar öyrədilir. Bu da əsasən ibtidai təhsil pilləsini əhatə edir. Yəni burada ilkin tibbi yardım zamanı nə etmək, suda boğulma və bu kimi hallarda hansı təlimata uyğun davranmaq lazım olduğu haqda məlumat verilir.
 

Bunlar nəzəri bilgilərdir, praktiki görüntülər isə dərslikdə təsvirlər üzərindən izah edilir. Yuxarı təhsil pilləsində “Biologiya” dərsliyində ümumi məlumat verilir. Şagirdlərin tibbi biliklərlə bağlı müəyyən bilik və bacarıqlara sahib olmaları və bəzi vərdişləri özlərində formalaşdırmağı vacibdir. Elə hallar olur ki, orda müdaxilə lazım gəlir. Belə halda da hər bir şəxsin tibbi biliklərə sahib olması zərurətə çevrilir”.


Onun sözlərinə görə, ali təhsil müəssisələrində bütün ixtisaslar üzrə birinci kursda “Mülki müdafiə və tibbi biliklər”, eyni zamanda, orta ixtisas təhsili müəssisələrində də bəzi ixtisaslarda bu fənn ayrıca tədris olunur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin