Azərbaycanda lazer epilyasiyası elə sürətlə yayılıb və dəb olub ki, əvvəllər arzuolunmaz tüklər qadınların xoşuna gəlmədiyi ifadə idisə, indi kişilər də öz cinslərinə xas olan tüklərdən azad olmağa tələsirlər. Nəinki böyük klinikalarda, az qala hər məhəllədə fəaliyyət göstərən gözəllik salonlarında da güclü lazer cihazlarından istifadə olunur. Halbuki bu aparatların əksəriyyəti beynəlxalq təhlükəsizlik standartlarına əsasən ciddi texniki ölçülər və tibbi nəzarət tələb edir.
Azərbaycanda gözəllik salonlarında istifadə olunan lazer cihazları hansı standartlar əsasında yoxlanılır?
Azərbaycanda ötən ildən etibarən tibbi cihazların dövlət qeydiyyatı tətbiq olunur və lazer aparatları üçün uyğunluq sənədləri tələb olunur.
Lazeroloq Təranə Kərimovanın Bizim.Media-ya verdiyi məlumata görə, böyük və ya kiçik məkanlarda yerləşməsindən asılı olmayaraq bütün cihazlar texniki yoxlamadan keçir:
“Bəzən düşünə bilərlər ki, gözdən uzaq, kiçik salonda qoyulmuş bir aparatı yoxlayan olmayacaq. Amma bu belə deyil, işinə ciddiyyətlə yanaşan lazeroloq bütün lazımi proseslərdən keçir.
Cihazın gücü, enerjisi, parametrləri, tezliyi, yaxud dalğa uzunluğu qeyd olunur və beynəlxalq standarta (İEC 60825) uyğunlaşdırılır.
Həmçinin istifadəçi məlumatı ilə tənzimlənir. Lazer etdirmək istəyən şəxslər bu işi görən mütəxəssislərdən lisenziya, sertifikat, cihazın texniki pasportu və dövlət qeydiyyatı sənədini tələb edə bilərlər”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur.
Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.
Şəfiqə Şəfa, Bizim.Media



































































































