“TƏBİB-ə işə düzəldəcəm” deyərək 12 min manatlıq dələduzluq etdi – QƏRAR

Hazırda oxunan: “TƏBİB-ə işə düzəldəcəm” deyərək 12 min manatlıq dələduzluq etdi – QƏRAR

585964

Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Hacızadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Asif Hacızadə müxtəlif vaxtlarda aldatma yolu ilə bir neçə şəxsin pul vəsaitini ələ keçirib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs Saatlı rayonu Mollavaizli kənd sakini olan zərərçəkmiş şəxs D.D.-ni (adı, soyadı şərtidir) Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən TƏBİB-də sürücü kimi işə düzəldəcəyi barədə yalan vəd verərək onu aldadıb. Bu yolla o, 24 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində TƏBİB-in inzibati binasının qarşısında zərərçəkmiş şəxsdən 12 min manat məbləğində pul alaraq dələduzluq yolu ilə ələ keçirib.
 

Bundan başqa, Asif Hacızadə eyni yalan vədlə Saatlı şəhər sakini olan digər zərərçəkmiş F.F.-i (adı, soyadı şərtidir) də aldadıb. O, vahid niyyətlə 1 iyul 2024-cü il tarixdə ödəmə terminalı vasitəsilə 1000 manat, eləcə də 6 iyul 2024-cü il tarixdə Bakı şəhərində yerləşən Onkoloji Xəstəxananın yaxınlığında nağd şəkildə 11 min manat olmaqla, ümumilikdə 12 min manat pulu ələ keçirib.


Araşdırmalarla həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs Saatlı şəhər sakini olan başqa bir zərərçəkmiş L.L.-in (adı, soyadı şərtidir) həbsdə olan oğlunu azad etdirəcəyi vədi ilə aldadaraq 20 iyul 2024-cü il tarixdə ödəmə terminalı vasitəsilə 4 min manat pulunu ələ keçirib.

O, daha bir halda sifət nahiyəsində zədəsi olan zərərçəkmiş Y.Y.-ni (adı, soyadı şərtidir) dövlət xətti ilə əməliyyat olunmasına köməklik göstərəcəyini bildirərək 10 avqust 2024-cü il tarixdə 1000 manat pul alıb.
 

Bundan əlavə, təqsirləndirilən şəxs müharibə veteranı olan zərərçəkmiş E.E.-ni (adı, soyadı şərtidir) dövlət tərəfindən avtomobil veriləcəyini vəd edərək müxtəlif tarixlərdə ödəmə terminalları vasitəsilə ümumilikdə 1150 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.


Məhkəmənin ittiham hökmünə əsasən Asif Hacızadə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məkum apellyasiya şikayəti vermişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin