Baş Dövlət Yol Polisi İdarəsi dağlıq yollarda hərəkət edən sürücülərə xəbərdarlıq edib.
Bu barədə Bizim.Media-ya DİN-dən məlumat verilib.
"Dağlıq relyefə malik ərazilərdə qeydə alınan yol qəzalarının əksəriyyəti – sürət həddinin yol və hava şəraitinə uyğun seçilməməsi, nəqliyyat vasitəsinin nasazlığı, yaxud dağlıq ərazidə hərəkətə uyğunsuzluğu və ya təchizatındakı çatışmazlıqlar kimi oxşar səbəblərlə bağlıdır.
Dağlıq turizm və ya rekreasiya zonalarına üz tutan sürücülərin isə bəzən təcrübəsiz, yaxud yola nabələd olmaları, relyefi düzgün qiymətləndirə bilməmələri, yola hazırlıqsız çıxmaları kimi amillər də, bir sıra hallarda səfərlərin xoşagəlməz sonluqla bitməsi ilə nəticələnir.
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar dağlıq zonalarda analoji hadisələrə tez-tez rast gəlindiyini təəssüflə qeyd edir, bununla yanaşı sərt döngəli, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha sürücülərin diqqətinə çatdırır, onları dağlıq ərazilərə səfərlər zamanı daha diqqətli olmağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə mövsümə uyğun şinlərlə təchizatını, meteoroloji şəraiti, avtomobillərinin texniki xarakteristikasının keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasını nəzərə almağa çağırır!
Unutmayaq ki, səfərlərimizin təhlükəsizliyi məsuliyyətimiz və risklərə hazırlığımızla ölçülür!", - məlumatda qeyd olunub.
Bizim.Media































































































