İnformasiya bolluğunun yaratdığı RİSKLƏR – Z nəsli üçün media savadlılığının ƏHƏMİYYƏTİ

Hazırda oxunan: İnformasiya bolluğunun yaratdığı RİSKLƏR – Z nəsli üçün media savadlılığının ƏHƏMİYYƏTİ

585685

Zaman dəyişdikcə nəsillər də dəyişir. Təsadüfi deyil ki, sosioloqlar son 60 ilin üzrə təsnifat apararkən, 1965-1982-ci illərdə doğulanlar X, 1983-1995-ci illərdə doğulanlar Y, 1996-cı ildən sonra doğulanlar isə Z nəsli adlandırılır.
 

Əvvəlki nəsillər arasında oxşar cəhətlər olsa da Z nəsli tam fərqlidir. Bəlkə də ona görə  ki, Z nəsli tamamilə rəqəmsal mühitdə böyüyən ilk böyük nəsildir. Bu gənclərin uşaqlığı sensor ekranlarla, yeniyetməlik illəri sosial mediayla, bu günü isə informasiya seli ilə formalaşıb.


Onlar üçün internet sadəcə kommunikasiya vasitəsi deyil, həm də məktəb, əyləncə, ictimai münasibət və hətta şəxsiyyətin formalaşması üçün əsas platformadır.

Z nəslini fərqləndirən ən mühüm cəhət onların sürətli dəyişikliklərə uyğunlaşma bacarığı və texnologiyanı sürətlə mənimsəmələridir. Z nəsli əvvəlki nəsillərdən fərqli olaraq  yeniliyə daha çox açıqdır. Bəlkə də bu onunla bağlıdır ki, Z nəsli həm rəqəmsal imkanların, həm də rəqəmsal təhlükələrin içində böyüyən bir nəsildir.

İnformasiya bolluğu bilikli olmaq deyil.

Z nəsli informasiya ilə doğulan ilk nəsildir. Lakin bu bolluq hər zaman daha bilikli olmaq demək deyil. İnternetin sərhədsiz axını bəzən doğru məlumatdan çox manipulyasiya, yarımçıq bilik və həqiqəti təhrif edən məzmunla dolu olur. Nəticədə Z nəsli informasiyanın çoxluğu içində, paradoksal olaraq, məlumat çatışmazlığı ilə üzləşir.
 

Z nəslinin informasiyaya münasibəti də əvvəlki nəsillərdən kəskin şəkildə fərqlidir. Onlar üçün informasiyanın böyük hissəsi qısa videolar, dinamik şəkillər, ani xəbər başlıqları vasitəsilə ötürülür.


Nəticədə 15 saniyədə onlarda fikir formalaşır. Bu da bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən dərin məzmunu qavrama qabiliyyətini azaldır, mövzuların səbəb-nəticə əlaqəsini sıradan çıxarır. Çünki səthi məlumat əsas bilik kimi təqdim olunanda, gənclər tez məlumat alsalar da, çox vaxt dərin anlam qurmaqda, analiz etməkdə çətinlik çəkirlər.
Yanlış düşüncə, məhdud yanaşma

Z nəslinin nümayəndələrinin çoxu belə düşünür ki, nəsə trenddirsə deməli ən yaxşı və ən doğrudur. Və yaxud hansısa “bloger, tiktoker  və yaxud influencer deyibsə, yəqin ki, ən doğrusunu o bilir”.

Bu nəslin yanlışlarından biri də populyarlığı ən doğru seçim bilmələridir. Məhz bu səbəbdən onlar hələ erkən yaşlardan başlayaraq sosial platformalada aktiv olmağa, daha çox izləyici toplamağa çalışırlar.

Bir çoxları isə bloger, tiktoker və yaxud influencer kimi fəaliyyət göstərirlər. Bu zaman hüquqi savadsızlıq, populyarlığın eyforiyası və sürətlə varlanmaq ehtirası bir çox gənclərin həyatını məhv edir. Hətta onların yolu dəmir barmaqlıqlar arxasına qədər uzanır 

Psixoloji yük və onun sosial təsirləri

Məlumat xaosu təkcə bilik səviyyəsinə deyil, emosional sağlamlığa da təsir edir. Davamlı müqayisələr, idealizə olunmuş həyat tərzləri, qorxu yaradan xəbərlər gənclərdə stress, özünə güvənsizlik, sosial geriçəkilmə, informasiyadan yorulma sindromu kimi nəticələr doğura bilər.

Z nəsli informasiyanın ən sıx, ən sürətli və ən dəyişkən dövründə formalaşır. Onlar çoxsaylı yanlışların içində böysə də, bu nəsil texnoloji çevikliyi, uyğunlaşma qabiliyyəti və yeniliyə açıq olmaları ilə seçilirlər. Əgər informasiya xaosu düzgün yönləndirilsə, Z nəsli böyük gücə çevrilə bilər.

Media savadlılığının önəmi

Nəzərə alaq ki, Z nəsli informasiyanın ən çox olduğu, amma həqiqətin ən az göründüyü bir dövrdə böyüyür. Onlar yanlış məlumatların içində böyüsələr də, düzgün istiqamətləndirmə nəticəsində informasiya selində itən yox, istiqamət verən nəsil ola bilərlər.

Bunun üçün isə media savadlılığının yüksək səviyyədə olması əsas faktordur. Məhz media savadlılığı sayəsində onlar dezinformasiyaya qarşı maariflənə, mənbələri düzgün analiz edə, zərərli məlumatlardan özlərini qoruya bilərlər.
 

Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə bu gündən start verilən və dekabrın 22-dək davam edəcək “Media Savadlılığı” Həftəsinin əsas məqsədi də məhz gənclərin, yeniyetmələrin bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın genişləndirilməsidir.



Ona görə də Z nəslinin “Media Savadlılığı” həftəsi çərçivəsində təlim və inkişaf proqramlarında, maarifləndirmə və təbliğat tədbirlərində fəal iştirakı onların bu günü və gələcəyi üçün yol bələdçisi ola bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin