Mənzillərə içməli su verilsə də insanların çoxu, xüsusilə, paytaxt sakinlərinin əksəriyyəti satışda olan qablaşdırılmış sulardan istifadə edir. Bakıda vətəndaşlar mənzillərinə gələn sudan içməli su kimi yararlana bilmədikləri üçün qablaşdırılmış suya xeyli miqdarda pul ödəyirlər. Bu da vətəndaşlar üçün əlavə maddi yükdür.
Həmçinin, içməli suya əlavə pul ödəmək istəməyənlər də gələn suyu filtrdən keçirir. Çünki birbaşa sudan içmək riskli hesab edilir.
Bəs belə fikrin yaranmasına səbəb nədir?
Əgər müvafiq qurumların açıqladığı kimi, ölkədə texniki su yoxdursa, yəni mənzillərə yalnız içməli su verilirsə, niyə bu suyu içmək təhlükəli hesab olunur?
Ümumiyyətlə, suyun keyfiyyəti, təmizliyi ilə bağlı monitorinqlər aparılırmı və nəticə necədir?
Yaranan suallarla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, suyun təhlükəsizliyinin təmin edilməsi üçün 12 laboratoriya fəlaiyyət göstərir:
“Bakı şəhəri, Abşeron yarımadasının və eyni zamanda Regionların Su Təchizatı Sistemlərində mənbələrdən (yerüstü və yeraltı) qəbul edilən suyun içməli su səviyyəsinə çatdırılması, suyun təhlükəsizliyinin təmin edilməsi, “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının tələblərinə riayət olunması məqsədi ilə bir sıra su təmizləyici, zərərsizləşdirci qurğular, o cümlədən mənbədən – istehlakçıya qədər suyun keyfiyyətinin və təhlükəsizliyinin müəyyənləşdirilməsi üçün 12 sayda kimyəvi – bakterioloji təhlil laboratoriyaları fəaliyyət göstərir.
Bakı şəhəri, Abşeron yarımadası üzrə Ceyranbatan gölündən qəbul edilən su həm açıq tipli qum süzgəcli sutəmizləyici qurğuları, həm də innovativ su təmizləmə metodlarına əsaslanan Ultrasüzgəcli su təmizləyici qurğuları komplekslərində emal edilərək və qurğu daxili su anbarlarında xlor tərkibli reagentlər ilə zərərsizləşdirilərək su təchizatı şəbəkəsinə, mərkəzi su anbarları – nasos stansiyalarına və sonda istehlakçılara ötürülür”.
Məlumatda qeyd edilib ki, “Xaçmaz” və “Şollar” su mənbələrindən (yeraltı) əldə edilən və Xaçmaz şəhərindən nəql edilən su 1 saylı və 2 saylı H.Z.Tağıyev adına nasos stansiyalarında zərərsizləşdirilərək istehlakçıların içməli su təminatı aparılır:
“Digər mənbələrdən biri isə Oğuz Qəbələ Bakı Su kəməri vasitəsi ilə Oğuz rayonunda yerləşən və subartezian, artezian quyulardan əldə edilən, 264,5 km məsafədən 8 rayon ərazisindən keçərək diametri 2000 mm-lik magistral boru vasitəsilə Bakı şəhərinə ötürülür, mənbə ərazisində və Atyalı qəsəbəsi ərazisində zərərsiləşdirilərək şəhərin su təchizatını qidalandırır.
Eyni zamanda 5-ci su mənbəyi qismində Hacıqabul ərazisində Kür çayından əldə edilən su Kür Su Təchizatı açıq tipli qum süzgəcli su təmizləyici qurğularda 3 mərhələli emaldan sonra içməli su Bakı şəhərinə, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Saatlı, Sabirabad şəhərlərinin və ətraf kənd, qəsəbələrini zərərsiləşdirilmiş içməli su ilə təmin edir”.
Bildirilib ki, ölkədə mövcud 875 sayda mərkəzi və məhəllədaxili su anbarları hər ilin əvvəlində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə il ərzində ən azı bir dəfə olmaq şərti ilə yuyularaq zərərsizləşdirilir:
“Respublikanın regionlarında isə yerüstü su mənbələrindən əldə edilən su həcmləri müxtəlif su təmizləmə texnologiyalarına əsaslanan qurğular vasitəsi ilə emal edilir və zərərsizləşdirilir.
Bunlardan qapalı qum süzgəcli su təmizləyici qurğular Quba, Lənkəran (eyni zamanda Astara şəhərini qidalandırır), Lerik, Masallı (eyni zamanda Cəlilabad şəhərini qidalandırır), Mingəçevir, Yevlax şəhərlərinin içməli su təchizatını təmin edir. Açıq tipli qum süzgəcli su təmizləyici qurğular isə Şəmkir (eyni zamanda Gəncə şəhərinin bir hissəsini, Samux şəhərini qidalandırır), Xankəndi, Şuşa şəhərlərində istismar edilir.
Əks osmos sistemli su təmizləyici qurğular isə Ağstafa, Qobustan şəhərlərində istismar edilərək yeraltı su mənbələrindən əldə edilən yüksək minerallıqda suyun dövlət standartının tələblərinə çatdıraraq əhalini yüksək keyfiyyətli içməli su ilə təmin edir.
Əlavə olaraq, Göygöl və Goranboy şəhərinin və ətraf yaşayış məntəqələrinin içməli su tələbatının təmin edilməsi üçün infiltrasiya qurğularından istifadə edilir. Digər rayonların şəhər və ətraf yaşayış məntəqələrinin su təminatında dövlət standartının tələblərinə cavab verən yeraltı quyulardan, drenaj və kaptaj tipli su qəbuledici qurğulardan istifadə edilir.
O cümlədən, Kür ətrafı, suvarma kalları, dağ çayları ətrafında mövcud yaşayış məntəqələrinin su təminatının aparılması üçün qum süzgəcli və suyun keyfiyyətindən asılı olaraq əks osmos tipli kiçik məhsuldarlıqlı 412 sayda modul su təmizləyici qurğular istismar edilir”.
Günay Şahmar, Bizim.Media




























































































