Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və beynəlxalq kibertəhlükəsizlik təşkilatı olan “Shadowserver” Fondu arasında əməkdaşlıq əlaqələri qurulub.
Bizim.Media xəbər verir ki, bu əməkdaşlıq kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsini gücləndirmək, internetdəki zərərli fəaliyyətlərə qarşı mübarizədə milli imkanları artırmaq məqsədi daşıyır.
“Shadowserver” internetdə zərərli fəaliyyətləri toplayan, təhlil edən və bu barədə gündəlik hesabatlar təqdim edən, aparıcı qeyri-kommersiya təşkilatıdır.
Fond hər gün bütün IPv4 internet seqmentini skan edərək 3.7 milyard IP ünvanını yoxlayır, 4–5 milyon zərərli IP-ni aşkarlayaraq bloklayır və 400-dən çox zərərli proqram ailəsini izləyir. Təşkilatın 12 petabaytlıq məlumat bazası, 1.1 milyon zərərli proqram nümunəsi üzrə gündəlik analitik fəaliyyəti və 70 milyard SSL məlumatı kibertəhlükəsizlik üzrə qlobal ən böyük açıq məlumat resurslarından biri hesab edilir.
Hazırda “Shadowserver”in gündəlik pulsuz hesabatlarından 175 ölkədə 201 milli CSIRT və 9,000-dən çox şəbəkə sahibi yararlanır.
Yeni qurulan əməkdaşlıq çərçivəsində “Shadowserver”in texniki məlumat bazasından və analitik hesabatlarından istifadə edərək, Azərbaycanın kiberməkanda təhdidlərə qarşı daha çevik və preventiv reaksiya verməsi imkanları genişləndiriləcəkdir.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirərək, ölkənin kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsini, kibertəhlükələr barədə məlumat mübadiləsinin səmərəliliyinin artırılmasını və kibermüdafiə infrastrukturunun inkişafını hədəfləyir.

Bizim.Media


































































































