Məktəblərdə məzuniyyət sistemi dəyişir – Müəllimlər ilboyu tətilə ÇIXA biləcəklər?

Hazırda oxunan: Məktəblərdə məzuniyyət sistemi dəyişir – Müəllimlər ilboyu tətilə ÇIXA biləcəklər?

585210

Qüvvədə olan qanuna görə, pedaqoji işçilər əmək məzuniyyətinə məktəblərdə yay tətili dövründə çıxırlar. Əmək Məcəlləsinə təklif edilən yeni dəyişikliyə görə, onlar məzuniyyət hüquqlarından həm də digər vaxtlarda istifadə edə biləcəklər.

Belə ki, Milli Məclisə daxil olan qanun layihəsinə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir.

Müəllimlər və digər pedaqoji işçilər ən çox məzuniyyət hüququna malik olan şəxslərdir. Yəni müəllimlər yay tətilində 56 təqvim günü olmaqla məzuniyyətə çıxırlar.

Dəyişiklik bir sıra suallar yaradıb.

Əgər təlim-tədris prosesində iştirak edən pedaqoji işçilər, direktor, müəllim və digərləri tədris ilində məzuniyyətə çıxarsa, bu tədris-təlim prosesinə necə təsir edəcək?

Müəllim dərs ili ərzində məzuniyyət hüququndan istifadə etdikdə yay tətili dövründə işdə olmağa, məktəbə gəlməyə məcbur qalacaq?

Yaranan suallara aydınlıq gətirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli Bizim.Media-ya bildirib ki, bu layihə pedaqoji işçilərin əmək məzuniyyətindən istifadə imkanlarının genişləndirilməsi ilə bağlıdır:

“Hazırda qüvvədə olan 131-ci maddənin 5-ci hissəsinə əsasən, bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərin məzuniyyətinin, bir qayda olaraq, məktəblərdə yay tətili dövründə verilməsi nəzərdə tutulur və yalnız işəgötürənin razılığı olduğu təqdirdə tədris ili ərzində məzuniyyət mümkündür.

Hərçənd bu norma hüquqi baxımdan tədris ili ərzində pedoqoji işçilərin məzuniyyət hüququnu tanıyır. Təcrübədə isə məktəb rəhbərliyinin razılıq mexanizmindən sərt istifadə etməsi səbəbilə müəllimlərin böyük əksəriyyəti ilin ortasında məzuniyyət almaqda çətinlik çəkirlər. Layihə məhz bu problemi aradan qaldırmağı, müəllimlərin məzuniyyət hüququndan daha real və əlçatan şəkildə yararlanmasını təmin etməyi hədəfləyir”.

Deputatın sözlərinə görə, dəyişiklik ilkin olaraq ümumtəhsil müəssisələrində tətbiq ediləcək:

“Normada “pedaqoji işçilər” anlayışının işlənməsi bu hüququ  bütün təhsil verən kateqoriyalara, o cümlədən məktəb, kollec və ali təhsil müəssisələrinin pedaqoji heyətinə  şamil edir. Bununla belə, maddədə “məktəblərdə yay tətili dövrü” ifadəsinin qeyd olunması hüquqi baxımından normanın ilkin olaraq ümumtəhsil müəssisələrində tətbiq edilməsi üçün formalaşdırıldığını göstərir. Ali təhsil müəssisələrinin tədris yükü və qrafiki məktəblərdən əhəmiyyətli dərəcədə fərqləndiyindən dəyişiklik layihəsinin konkret mətni bu məsələdə həlledici rol oynayacaq”.

Millət vəkili dəyişiklik layihəsinin tətbiqi baxımından təhsil müəssisələrinin idarəetmə xüsusiyyətlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Məktəblərdə dərs yükü ardıcıl və sabit olduğu üçün müəllimin ilin ortasında məzuniyyətə çıxması dərs bölgüsündə çətinliklər yarada bilər. Lakin sosial şərait, sağlamlıq problemləri və ya fövqəladə hallar zamanı müəllimin məzuniyyət hüququnun reallaşması təhsil prosesinin keyfiyyətinə də dolayısı ilə müsbət təsir göstərir, çünki işçinin psixoloji və fiziki sağlamlığı pedaqoji fəaliyyətin əsas şərtlərindən biridir. Bu bağlamda məktəblərdə məzuniyyətin tədris ili ərzində tətbiqi üçün əvvəlcədən planlaşdırılmış növbəlilik mexanizmlərinin hazırlanması və ehtiyat müəllim institutunun gücləndirilməsi zəruri görünür”.
 

“Ən böyük hüquqi problem “işəgötürənin razılığı” anlayışının qeyri-müəyyənliyidir. Mövcud vəziyyətdə bu mexanizm rəhbərliyə geniş sərbəstlik verir və müəllimlərin qanunla nəzərdə tutulmuş hüquqdan istifadə etməsinə mane olur. Dəyişiklik layihəsi bu qeyri-müəyyənliyi aradan qaldırmalı, razılıq mexanizmini ya ləğv etməli, ya da imtina halları üçün obyektiv meyarlar müəyyən etməlidir. Əks halda, yeni norma praktikada əvvəlki kimi formal xarakter daşıya bilər.


Bütün hallarda düşünürəm ki, pedaqoji işçilərə tədris ili ərzində məzuniyyətin verilməsi hüquqi baxımdan zəruri, sosial baxımdan əsaslandırılmış, idarəetmə baxımından isə mümkündür. Bununla belə, mexanizmin effektivliyini təmin etmək üçün təhsil müəssisələrinin daxili idarəetmə sistemləri yenidən qurulmalı, dərs yükünün optimal bölüşdürülməsi və tədrisin fasiləsizliyi üçün dəqiq prosedurlar hazırlanmalıdır. Bu yanaşma pedaqoji işçilərin sosial rifahının yaxşılaşdırılmasına, həmçinin təhsil müəssisələrinin insan resurslarının daha çevik və səmərəli idarə edilməsinə xidmət edə bilər”, - deyə deputat qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin