Onlar iki dost idilər... - Şəki şəhidlərinin qəhrəmanlıq hekayəsi

Hazırda oxunan: Onlar iki dost idilər... - Şəki şəhidlərinin qəhrəmanlıq hekayəsi

5846

Şəhidlik zirvəsinə ucalan insanlar ölmürlər, əksinə, haqq dünyasına qovuşmaqla bir əbədilik qazanırlar! Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdi: “Üçrəngli bayrağı öz qanlarıyla, Vətən göylərinə çəkdi şəhidlər”.

Elə günlər var onlar unudulub gedir, elələri də var ki, heç vaxt yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. İnsanın dünya həyatına ən gözəl şəkildə “əlvida” deməyinin adı Şəhid olmaqdır.

Allah, Ana, Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Həyatından keçməklə xalqın azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.

RAHİB

Hacı-İsmayılov Rahib Məmmədemin oğlu 17 sentyabr 1991-ci ildə anadan olub. O, dostu Vasiflə sentyabrın 29-da könüllü olaraq Şəkidəki hərbi Komissarlığa gələrək, müharibəyə getmək, erməni dığalarını Vətən torpağından qovmaq arzusu ilə çırpındıqlarını bəyan ediblər.

Anası Tangiz xanımın dedikləridən:

- İş yoldaşları, dostları, həmçinin Hərbi Komissarlıqda deyiblər ki, hələ getmə, nə vaxt çağırış olsa, onda gedərsən. Rahib cavab verib ki, sən getmə, mən getməyim, bəs Vətəni erməni dığalarından kim təmizləsin? Mən Xocalı faciəsi haqında onlarca kitablar oxumuş, şəkillər görmüşəm və elə həmin vaxtdan qəlbimdə yeganə arzum olub: Onların qisasını almalıyam. Erməni vandalları alman faşistlərinin Osvensimdə, Buhenvaldda törətdikləri vəhşilikdən daha qəddarcasına vəhşilik nümayiş etdiriblər.



Qardaşı Rəvan Məmmədemin oğlu:

- Rahib çox ünsiyyətcil, zarafatcıl, millətini sevən birirsiydi. Tərtərdə bir neçə gün ərzində özünə onlarla dost tapmışdı. Göyçaylı dostu Niftəliyev Ruslan, Ağayev Ülvi bizimlə telefon əlaqəsi yaradaraq, Malıqayada, Tülkü dərəsində, Qapanlıda, Qarağatda necə rəşadətlə, igidliklə döyüşdüklərindən cani-dildən, həvəslə danışırdılar. Üç uşaq atası olan Ruslan son dəfə mənimlə danışanda için-için ağlayaraq, deyirdi ki, Rahib məndən ötrü qardaşdan da irəli idi. Onunla söhbətlərim olanda bildirmişdim ki, dördüncü övladım oğlan olarsa, adını Rahib qoyacağam. Kaş ki, mən özüm şəhid olaydım...

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.



Anası Tangiz xanımın dediklərindən:


- Rahiblə hər gün sübh tezdən, 6.30-da telefonla danışırdım... Oktyabrın 19-da yenə zəng vurdu –Ay ana, mən saat 5-dən oyağam, amma döyüşə getməzdən öncə sənin səsini eşitmək istəyirəm, - dedi.

Əmisi Elçin Hacıismayılovun dedikləri:

- Oktyabrın 20-də İH-dən Rasim müəllim mənə teleon açaraq, görüş təyin etdi. Görüşərkən mənə Rahibin yaralandığını söylədi. Ona bildirdim ki, döyüşçü yaralananda yaxını, ailə üzvü ilə əlaqə yaratmırlar, deyin görək, nə baş verib. Rahibin şəhid olduğunu anasına demədik... Rahibi dəfn edəndə evimizdən Şəhidlər xiyabanınadək “Şəhidlər ölməz, Vətən bölünməz!” nidaları bir an susmadı...

Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır.



Ölüm əslində yoxluq və heçlik deyil. Əbədi diyara səfərdir. Əbədi diyara səfərdən sonra çoxları az müddətlik də olsa, dünyaya yenidən qayıtmaq və xeyirxah, saleh əməllər işləmək istəyəcəklər. Ancaq şəhidlər yenidən dünyaya qayıdaraq, bir daha şəhid olmağı arzulayacaqlar. Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir.

VASİF

Həmidov Vasif Natiq oğlu 4 iyun 1987-ci ildə Şəki şəhərində anadan olub. Əvvəllər Gəncə şəhərində hərbi xidmətdə qulluq edib. Sentyabrın 30-da könüllü olaraq dostu Rahiblə Şəki hərbi komissarlığına gələrək, cəbhə bölgəsinə yollanmaq arzusunda olduqlarını bildiriblər.
Vasif iki uşaq atası idi. Oğlu Ayxan 5 yaşında, qızı Nailə isə hələ 8 aylıqdır.



Atası Natiq Əhmədiyyə oğlu Əfqanıstanda qulluq edib. İndi haqq dünyasındadır.

Vasif nə qardaşına, nə anasına, nə də həyat yoldaşına könüllü olaraq cəbhəyə gedəcəyini bildirməyib. Yalnız qonşusu Şakir dayıya deyib ki, mən gedirəm Vətəni erməni tapdağından xilas etməyə.

Vasif də dostu Rahib kimi 20 oktyabrda döyüşə yollanıb. Hər iki dost eyni yerdə, eyni zamanda mərmi partlaması nəticəsində qəlpə yaraları alıb. Özü ağır yaralı olsa da, komandirinə deyib ki, “Mənim əhvalım yaxşıdır, siz Rahibə yardım edin. Lakin vəziyyəti çox ağır olduğundan, 6 gün koma vəziyyətində qaldıqdan sonra Şəhidlik zirvəsinə ucalıb.



Onun nəşini doğulduğu evə də elə qonşusu Şakir kişi gətirib.

Oktyabırın 27-də “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə böyük kütlənin iştirakı ilə dəfn edilib. Vasifin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayırdı. İndi o sevgi minlərlə başqa gəncin qəlbində daha alovlu yaşayacaq. (Azvision.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin