Bakı Apellyasiya Məhkəməsində dələduzluq və oğurluqda təqsirləndirilən Zeynəb Nəbiyevanın (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Zeynəb Nəbiyeva 2021-ci ildə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Karat” adlı qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında obyektin sahibi, zərərçəkmiş Bəxtiyar Həsənovun etibarından istifadə edərək, qiymətli əşyaları tanışları vasitəsilə satacağı və pulu geri qaytaracağı barədə yalan vədlər verib. Bu yolla o, ümumilikdə 81 937 manatlıq qızıl-zinət əşyasını ələ keçirərək mağaza sahibinə külli miqdarda ziyan vurub.
Eyni zamanda, Zeynəb Nəbiyeva 2020-ci ilin oktyabrından 2021-ci ilin noyabrına kimi mağazada vitrində olan qızıl məmulatlarını gizli şəkildə kənara yığaraq, iş vaxtından sonra mağazaya qayıdıb həmin əşyaları götürməklə ardıcıl şəkildə oğurluq etdiyi bildirilir. İstintaqın məlumatına görə, bu yolla o, mağaza sahibinə ümumilikdə 568 269 manat ziyan vurub.
Əməllərini gizlətmək məqsədilə satış kitablarında yalan qeydlər apardığı da qeyd olunur.
Materiallara əsasən, təqsirləndirilən şəxs, həmçinin, 2020-ci ilin noyabrında mağazaya qızıl-zinət əşyalarını dəyişmək üçün müraciət edən digər vətəndaşı aldadaraq onun qızıllarını "lom" qiymətinə hesablayıb, müqabilində daha az dəyərdə qızıl verib, ümumilikdə 540 manat ziyan vurub.
İstintaqın digər epizodlarına görə, o, 2022-ci ildə bir neçə şəxsin etibarından istifadə etməklə qızıl alverindən qazanc vədi verib, müxtəlif vaxtlarda onlardan ümumilikdə 82 930 manat pul alıb, lakin vədlərinə əməl etməyib.
Bundan başqa, 2022-ci ilin avqustunda digər tanışını lombardda olan qızılları geri almaq və satmaq adı ilə aldadaraq ondan ümumilikdə 30 200 manat pul aldığı, lakin qaytarmadığı, eyni zamanda, başqa bir şəxsin qızıl-zinət əşyalarını satış məqsədilə götürərək onların pulunu qaytarmadığı, nəticədə həmin şəxslərə maddi ziyan vurduğu bildirilir.
İstintaq orqanı tərəfindən toplanmış materiallara görə, təqsirləndirilən şəxs təqdim edilmiş bütün epizodlarda təkrarən dələduzluq və oğurluq əməli törətməklə külli miqdarda maddi ziyan vurmaqda ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynəb Nəbiyeva 10 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:15 / 09.12.2025
Bakıda qadın satıcı qızıl alverçisinə qarşı yarım milyondan çox ziyan vurdu
Hazırda oxunan: Bakıda qadın satıcı qızıl alverçisinə qarşı yarım milyondan çox ziyan vurdu
Hazırda oxunan: Bakıda qadın satıcı qızıl alverçisinə qarşı yarım milyondan çox ziyan vurdu
584578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































