Moderator.az-ın QMİ-nin saytına istinadla verdiyi məlumata görə, Azərbaycandan təxminən 4 minə yaxın zəvvar Həcc ziyarətini sağ-salamat başa vurub Vətənə dönməsi münasibətlə Azərbaycan zəvvarlarının işləri üzrə büronun rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Səudiyyə Ərəbistanı Kralı Zati-aliləri Abdulla bin Əbdüləziz Al Səudə təşəkkür məktubu ünvanlayıb.
Şeyxülislam məktubunda zəvvarların Müqəddəs Məkkə şəhərinə ziyarəti, Həcc əməllərini rahatlıqla və təhlükəsiz şəraitdə yerinə yetirmələri üçün yaradılmış şəraitdən razılığını bildirib: “Azərbaycan zəvvarları başda Siz olmaqla Səudiyyə Ərəbistanına, Onun hökumətinə və xalqına Allahın qonaqlarının rahatlığı üçün təhlükəsizlik, nəqliyyat, səhiyyə xidmətləri sahələrində yaratdıqları o gözəl şəraitə görə səmimi təşəkkür və minnətdarlıqlarını ifadə edir, Ulu və Qadir Allahdan Sizə, müqəddəs Allah evinin və Peyğəmbər (s) məscidinin ziyarətçilərinə göstərdiyiniz xidmət işində böyük uğurlar diləyirlər. Onlar Uca Allaha dua edirlər ki, Sizi Özünün fəzilətləri ilə mükafatlandırsın, Sizə güc və qüvvət əta etsin ki, Sizin İki Müqəddəs Məscid və İslam ümmətinə göstərdiyiniz xidmət sahəsindəki mübarək fəaliyyətiniz uzun illər davam etsin.”
Qeyd edək ki, hər qrupda 40-42 nəfər olmaqla, ümumilikdə bu il Həcc ziyarətinə 3600 nəfərin yola düşdüyü bildirilir.
































































































