Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Dos.Dr. Ələmdar Cabbarlı ilə görüşüb.
Milli Məclisdə baş tutan görüşdə Ələmdar Cabbarlı Komitə sədrinə fakültənin tarixi, əldə etdiyi uğurlar və planlar barədə ətraflı bilgi verib.
Dekanı Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 60-cı ildönümü münasibəti ilə təbrik edən Komitə sədri, onun salamlarını, təbriklərini kollektivə çatdırmağı xahiş edib.
Komitə sədri Ə.Cabbarlıya Qarabağ və Türk dünyası motivli xatirə hədiyyələri təqdim edib.
Q.Paşayevanın Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivinə ünvanlandığı məktubda deyilir:

“Sizi BDU Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 60-cı ildönümü münasibəti ilə təbrik edir, hər birinizə yeni uğurlar diləyirəm!
Vətəndaşlarımızın informasiya təminatının ödənilməsində aparıcı mövqeyə malik olan, uyğunprofilli yüksəkixtisaslı kadrlar hazırlayan fakültəniz 1962-ci ildə təşkil olunmuşdur. Məmnuniyyətlə vurğulamaq istərdim ki, Kitabxanaçılıq-informasiya fakültəsi bu gün ölkəmizdə yalnız ali kitabxanaçılıq təhsilinin təşkilatçısı deyil, eyni zamanda sahə üzrə elmi mərkəz kimi də tanınır. Fakültənin ilk dekanı Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi, Əməkdar elm xadimi, professor Abuzər Xələfovu, haqq dünyasında olan – taleyi bu faküultədən keçmiş, alimlərimizi, pedaqoqlarımızı rəhmətlə anırıq.
Xalqımızın zəngin tarixində bəşəriyyətin intellektual zəkasının məhsulu olan informasiya daşıyıcılarının nəsildən-nəsilə ötürülməsi sahəsində böyük təcrübəyə malik olan kitabxanalar respublikamızın informasiya məkanında, necə deyərlər, informasiya cəmiyyətinin arxitekturasında özəl yerə, rola malikdir. Kitabxanalarımızı peşəkar kadrlarla təmin edən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivinin üzərinə bu gün daha böyük məsuliyyət düşməkdədir. Əminik ki, ölkəmizdə yenidən formalaşdırılacaq çağdaş tipli kitabxanaların inkişafında, özəlliklə, işğaldan azad edilmiş Qarabağımızda, Gündoğar Zəngəzurda erməni vandallarının talan etdiyi, dağıtdığı kitabxana infrastrukturunun bərpasında fakültə məzunlarının böyük rolu olacaqdır.
Ümummilli liderimiz Heydər Əliyev kitabxana işinə hər zaman yüksək qiymət vermiş, respublikamıza rəhbərlik etdiyi illərdə bu sahənin inkişafı üçün önəmli addımlar atmışdır. İndi ölkəmizdə mövcud olan kitabxana şəbəkələri məhz Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dönəmində bir sistem olaraq formalaşmışdır. Ümummilli liderimizin kitabxana işinə, kitabxanaçı əməyinə verdiyi yüksək dəyər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Ümummilli liderimizin məşhur sözləri ilə desək, “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Mənəviyyat, bilik, zəka mənbəyi kitabxanalarımızı ixtisaslı mütəxəssislərlə təmin edən Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşlarını, tələbələrini və məzunlarını 60 illik yubiley münasibətilə bir daha təbrik edirəm, fakültənin gələcək fəaliyyətində hər birinizə yeni-yeni uğurlar arzulayıram”!

































































































