Fazil Mustafa müxalifəti parlamentə ÇAĞIRDI: “Bu onların xeyirinə olacaq” 

Hazırda oxunan: Fazil Mustafa müxalifəti parlamentə ÇAĞIRDI: “Bu onların xeyirinə olacaq” 

58295

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Milli Məclisin fevralın 1-də keçirilən plenar iclası zamanı müxalifətin fəaliyyəti haqqında qanun layihəsinin qəbulunun vacibliyi məsələsinə toxunub.

Deputat sözügedən qanunun əhəmiyyətini şərh edərək, “Siyasi partiyalar haqqında” qanundan əlavə, parlament və qeyri-parlament partiyalarının fəaliyyəti ilə bağlı qanunverici aktın qəbulunun önəmini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa: “Bu cərimədən başqa nə artım varsa, hamısı ədalətsizdir” - VİDEO


Təkliflə bağlı ortaya çıxan sualları Bizim.Media üçün cavablandıran Fazil Mustafa həmin qanunda hansı məsələlərin öz əksini tapmasını istədiyindən danışıb.

Deputat ilk öncə, müxalifətin fəaliyyəti haqqında qanun layihəsinin vaxtilə Pənah Hüseyn tərəfindən irəli sürüldüyünü qeyd edib:

“Biz də bu layihəni dəstəkləmişdik. Eyni zamanda bizim də bununla bağlı alternativ layihəmiz var idi. Müxalifətçilik fəaliyyəti haqqında qanunda, əsasən, parlament və parlamentdənkənar müxalifətin fəaliyyət çərçivəsi öz əksini tapmışdı. Çox zaman qeyd olunan fikir azadlığı, plüralizm kimi məsələlər həmin qanunda öz əksini tapmalı idi. Burada parlament idarəçiliyində təmsilçilikdən tutmuş, fraksiya yaratmağa qədər, alternativ layihələr irəli sürməyə qədər, üstəlik dövlət protokolunda müxalifətin yeri və başqa məsələlər öz həllini tapmalı idi.
 

Eyni zamanda parlamentdənkənar müxalifətlə bağlı da, Milli Məclisdə olan dinləmələrdə iştirak etmək, dövlətin komitə, komissiya və yaradılmış ictimai əsaslı bir qurumlarında təmsilçilik, orada alternativ layihələr təqdim etəmək mövqeyini ortaya qoymaq kimi məsələlər qanunda qeyd olunmalıdır”.


Fazil Mustafanın fikrincə, yeni qanun çərçivə xarakteri daşımaqla, müxalifətin özü üçün də faydalı olacaq:

“Bu, artıq bir çərçivə qanunu kimi qəbul olunacaq. “Siyasi partiyalar haqqında” qanunda siyasi partiyanın yaranması, təşkili, qeydiyyatı, fəaliyyət istiqamətləri əks olunub. Buna paralel olaraq müxalifətin fəaliyyəti haqqında qanunda isə müxalifətə aid olan müddəaların yer alması nəzərdə tutulur. Çərçivə müəyyən olunduqdan sonra hər hansı layihəyə kimlərinsə qarışmaq imkanları məhdudlaşdırlır. İndi müəyyən mövzular, məsələn “filan yeri ziyarət etmək istədik bizə mane oldular” kimi məsələlər qanunda öz əksini tapır və heç kim burada müxalifətin davranışlarını maneəçilik yaxud da hüquq pozuntusu kimi qiymətləndirə bilmir. Yəni, bu onların da xeyirinə olacaq”.

- Necə düşünürsünüz, parlamentdənkənar müxalifətin Milli Məclisdə işində iştirakı, qanunverici orqanın fəaliyyətinə müsbət təsir göstərə biləcəkmi?
 

“Əlbəttə. Nümunə üçün bildirək ki, “Siyasi partiyalar haqqında” qanun müzakirə olunur. Bunu ictimai müzakirəyə çıxarmaq lazımdır. Bu müzakirələrdə müxalifət partiyaları niyə iştirak etməsin?


Yaxud da “İctimai iştirakçılıq haqqında” qanunun müzakirəsində onlar niyə iştirak edib öz təkliflərini verməsinlər? Burada dialoq və ya digər formatda olan tədbirlərdə çərçivənin bəlli olması ilə kimsənin kənarda qalmamasından söhbət gedir. Bu qanun partiya demokratiyasının inkişafına yol açmaqla müxalifətçiliyin artıq söyüşdən, təhqirdən ibarət olmadığını, onun konsturktiv Azərbaycan cəmiyyətində rol aldığını göstərmək baxımından da faydalıdır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin