Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binası tamamilə boşaldılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.Az-a Goranboy İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov məlumat verib.
O bildirib ki, hazırda Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzilli qəzalı vəziyyətdə olan beşmərtəbəli bina sakinlərinin hər biri kirayə mənzillərə köçürülüb:
"Köçürülən sakinlərin kirayə haqları dövlət tərəfindən qarşılanacaq. Qəzalı binada aparılan işlər yekunlaşdıqdan sonra qəzalı vəziyyətdə olduğu müəyyən edilən, Cəfər Cabbarlı küçəsi, 6 ünvanında yerləşən 16 mənzilli ikimərtəbəli yaşayış binasının sakinlərinin də köçürülmə işlərinə başlanacaq. Hazırda bu bina beşmərtəbəli yaşayış binasının vəziyyətində deyil. Ona görə də proses mərhələli şəkildə icra edilir.
Söküləcək binanın yerində bir kompleksin daxilində 76 mənzilli bina inşa ediləcək, sakinlər həmin binada mənzillə təmin olunacaqlar".
Xatırladaq ki, ötən gün Goranboy rayon icra başçısı Məhərrəm Quliyev məlumat vermişdi ki, Cəfər Cabbarlı küçəsində bir bloku çökən qəzalı yaşayış binasının yerində yenisi tikiləcək.
Bizim.Media
































































































