Yaxın vaxtlarda mobil telefonların qiyməti kəskin bahalaşa bilər. Buna səbəb qanunvericiliyə edilən dəyişikliklərdir.
Belə ki, 2026-cı ildən etibarən mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirdiyi 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.
Bu, Milli Məclisdə müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq.
Bəs yeni qayda telefonların qiymətinə necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yeni qərar telefonların qiymətində artıma səbəb olacaq:
“Bahalaşmanınsa iki faktoru. Birinci iqtisadi faktordur. Yəni artan rüsumlar və vergilər telefonun maya dəyərinə təsir edir. Bu səbəbdən də telefon istehlakçıya daha baha qiymətə təklif olunur.
Digəri isə psixoloji faktordur. İstənilən informasiya işbazların işinə yarayır. Onlar yayılan informasiyalardan öz maraqları üçün istifadə edə bilirlər.
Əgər yeni qayda yanvardan qüvvəyə minəcəksə, telefon satışı ilə məşğul olanlar artıq bir neçə gündən sonra qiymətləri artıracaqlar.
Ümumilikdə isə aksiz vergisinin artırılması və satış üçün gətirilən hər telefona 100 manat dövlət rüsumu alınması təbii ki, qiymətlərə təsir edəcək. Xüsusilə də ucuz və orta qiymətə olan telefonlar daha çox bahalaşacaq”.
Surxay Atakişiyev, Bizim.Media


































































































