Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən biri – 19 yaşında Vətən uğrunda canından keçmiş Kamran Fazil oğlu Qasımovun torpağa tapşırılmasından 5 il ötür.
Şəhid anım mərasimi Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında keçirilib. Doğmaları, yaxınları, şəhid ailələrinin nümayəndələri, eləcə də Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları Kamran Qasımovun məzarını ziyarət edib, önünə güllər düzüb və ruhuna dualar oxuyublar.
Kamran Qasımov Gədəbəy rayonunun Şınıx mahalının Qaravəllər kəndində anadan olub. Ailə 2000-ci ildən Bakıya köçsə də, müəyyən gediş-gəlişləri olduğundan Kamran 2001-ci ildə Gədəbəydə dünyaya göz açıb.
Kamran Qasımov Vətən müharibəsində pulemyotçu kimi iştirak edib, ağır döyüşlərə qatılıb.
O, 2020-ci il oktyabrın 27-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Anası Naibə Məmmədova Bizim.Media-ya bildirib ki, Kamran ailənin ikinci oğludur və cəmi 5 ayın əsgəri olub. O, Cəbrayıldakı hərbi hissələrdən birində xidmət edib, verilən döyüş tapşırıqlarını həmişə layiqincə və cəsarətlə yerinə yetiririb.
Şəhidimizin nəşi şəhadətindən təxminən bir ay sonra – DNT analizləri nəticəsində tanınıb və atasının doğum günü olan noyabrın 26-da torpağa tapşırılıb. Anası deyir ki, bu gündən sonra Kamranın atası Fazil Məmmədov ad gününü qeyd etmir, ömrünü şəhid oğlunun xatirəsinə həsr edib.
Şəhid ailəsi son telefon danışığını da yaddaşında yaşadır. Kamran 2020-ci il oktyabrın 24-də ailəsinə zəng edib. Anası o günü belə xatırlayır:
“Həmişəki kimi – ‘özünüzdən muğayat olun’ dedi və sağollaşdı. Heç bilmədik ki, bu, son danışığımız imiş...”
Kamran Qasımov atasının ailəsində 6-cı şəhiddir. Onun atası Fazil Məmmədov Birinci Qarabağ müharibəsinin veteranıdır.
Qeyd edək ki, Kamran ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
19 yaşlı qəhrəman öz igidliyi ilə Gədəbəy torpağında başlayan ailə ənənəsinə öz imzasını qoydu – ruhu şad olsun!







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































