Sumqayıtda qadının tibb müəssisəsində ölümünün səbəbi məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Bizim.Media-ya verilən xəbərə görə, noyabrın 25-də saat 10:30-da 1953-cü il təvəllüdlü şəxs (qadın) yüksək təzyiq şikayəti ilə Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib.
"Xəstəyə həkim təyinatı əsasında "Aktoseril" preparatının inyeksiyası icra edilib.
İnyeksiya zamanı xəstənin halı pisləşib, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib. Tibb personalı tərəfindən anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülüb, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edilib.
Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 11:30-da şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib", - məlumatda deyilir.
Qeyd olunur ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunub:
"İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilib, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasion vasitələr tam hazır vəziyyətdə olub.
Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilib".
Bizim.Media





























































































