General məhkəməyə gələcək - Proses mediaya qapadıldı

Hazırda oxunan: General məhkəməyə gələcək - Proses mediaya qapadıldı

582475

General-mayor Raul Zeynalovun da adı keçən “şabalıd işi” üzrə bugünkü məhkəmə prosesi media üçün qapadılıb.

Bizim.Media xəbər verir ki, hakim zərərçəkmiş şəxslərin istəyi ilə belə qərar qəbul edib.

Təqsirləndirilən kapitan Ayaz Bayramov özü prosesin media nümayəndələrinin iştirakı ilə keçirilməsini xahiş etsə də, zərərçəkmişlərin istəyi nəzərə alınıb.
 

Bu gün iclasda əsas zərərçəkmişlərdən biri – Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri, polkovnik-leytenant Yasin Muradov da ifadə verib. O və digər zərərçəkmiş Kəmalə Əliyeva jurnalistin zalda iştirakına qarşı çıxıb.


Onlar təqsirləndirilən şəxsin külli miqdarda pullarını ələ keçirdiyini bildirərək bunu şəxsi məsələ kimi qiymətləndiriblər. Prosesə sədrlik edən hakim jurnalistin zalda qalmasına icazə verməyərək qafqazinfo.az-ın əməkdaşını zaldan kənarlaşdırıb.

Proses tərəflərin qarşılıqlı ittihamları ilə gərgin keçib. Təqsirləndirilən şəxs ona 200 min manatdan çox pul verildiyini deyərək zərərçəkmiş Yasin Muradovla mübahisə edib.

Ayaz Bayramov yenə zərərçəkmişlərin Raul Zeynalovun sifarişi ilə danışdıqlarını deyib.

Əldə edilən digər məlumata görə, növbəti dəfə general Raul Zeynalov məhkəməyə çağırılacaq.
 

Qeyd edək ki, kapitan Ayaz Bayramov Fövqəladə Hallar Nazirliyində işləyib. O, işlədiyi idarənin rəis müavini olmuş general Raul Zeynalov, idarənin daha iki zabiti və başqa 6 nəfərin 3 milyon manata yaxın pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur. Təqsirləndirilən şəxs bir neçə gün əvvəl saxlanıldığı istintaq təcridxanasından 28 vərəqlik məktub göndərmişdi.


Kapitan həbsinə görə general Raul Zeynalovu günahlandırıb, onun general rütbəsinə və nazirliyin adına xələl gətirən hərəkətlərinə görə işdən qovulduğunu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin