Hələ də kağızla NÖVBƏ - 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasındakı sıxlığın səbəbi NƏDİR?

Hazırda oxunan: Hələ də kağızla NÖVBƏ - 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasındakı sıxlığın səbəbi NƏDİR?

582339

Hələ də tibb müəssisələrində dövlət xəstəxanalarında növbə problemi qalır. Elektron növbə sisteminə tam keçidin olmaması xəstələr üçün çətinlik, narahatlıq yaradır. Belə çətinliklərdən biri də Xəzər rayonunda yerləşən 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında yaşanır.

Bu barədə Bizim.Media-ya şikayət daxil olub. Vətəndaşlar deyirlər ki, onlar saatlarla növbə gözləməyə məcbur olurlar.

Hətta analiz vermək üçün laboratoriya növbəsində dayananlar öz növbələrini onlara verilən karton kağızlardan bilirlər. Bu zaman problemlər, xəstələr arasında narazılıqlar, kiçik mübahisələr, bir-birinin növbəsini almaq istəyənlər və s.. kimi hallar olur. Bu vəziyyət demək olar ki, əksər xəstəxanalarda yaşanır.

Sözügedən 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında elektron növbə sisteminin yaxın zamanda tətbiqi nəzərdə tutulurmu?

Məsələylə bağlı Bakı Baş Səhiyyə Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki , sözügedən xəstəxanadakı sıxlıq xəstəxananın verdiyi xidmətlərdən irəli gəlir.

“Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında hazırda bütün Xəzər rayonu üzrə hərbi çağırışçıların müayinələrinin keçirilməsi üçün göndərişlər, həmçinin imtiyazlı xəstələrin dərman preparatları ilə təmin olunması üçün müraciətlər, o cümlədən işə qəbul olunan şəxslər tərəfindən sağlamlıq haqqında arayışların əldə olunması üçün müraciətlər və “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na uyğun olaraq uşaqların ilkin tibbi müayinələri həyata keçirilir.

Hər il intensiv xarakter alan bu proses bəzən tibb müəssisəsində sıxlığa səbəb olur”.

Açıqlamada qeyd olunub ki, yaranan vəziyyətin tənzimlənməsi məqsədilə tibb müəssisəsi tərəfindən zəruri addımlar atılır.

“Vətəndaşların rahat şəkildə tibbi xidmətlərdən istifadə etməsini təmin etmək məqsədilə tibb müəssisəsi tərəfindən bir sıra müvafiq tədbirlər həyata keçirilir”.

Göründüyü kimi, müvafiq qurumun verdiyi cavabdan belə çıxır ki, elektron növbə sistemi olmadığı üçün yox, normal bir xəstəxanada verilməli olan xidmətlər verildiyi üçün sıxlıq, narahatlıq yaranır.

Maraqlıdır ki, əgər bir xəstəxanada arayış verilməsi, uşaqların müayinəsi problem yaradacaqsa, bu məsələ həll olunmalıdır, yoxsa verilən xidmətlər problemin “haqlı” qaynağı olaraq göstərilməlidir?

Xatırladaq ki, daha əvvəl bənzər problemlərin yaşandığı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıyla bağlı da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlasaq da, sorğumuz cavablandırılmamışdı.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin