“Azərbaycanın təşəbbüsü ilə təşkil olunan D-8 Media Forumu təşkilata üzv ölkələrin media sektorundakı münasibətlərini gücləndirəcək”.
Bu fikirləri Malayziyanın Bernama xəbər agentliyinin icraçı direktoru Nur-ul Afida Kamaludin Bizim.Media-ya açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda D-8 Media Forumu keçirilir – FOTO
Ölkəmizə ilk dəfə gəldiyini bildirən Kamaludin Bakıda keçirilən media forumunu yüksək dəyərləndirib.
Onun sözlərinə görə, forum çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin təsis olunması mühüm əhəmiyyət daşıyır:
“Cənab Hikmət Hacıyevin dediyi kimi, mərkəz üzv dövlətlərin səsi olmalıdır. Artıq xəbərləri CNN, BBC kimi xarici mənbələrdən deyil, öz baxış bucağımızdan və öz mənbələrimizdən yaymalıyıq. Malayziya bu mərkəz üçün öz təcrübə və biliklərini bölüşməyə hazırdır”.
Nur-ul Afida Kamaludin Azərbaycanın Malayziyadakı səfiri ilə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb:
“Cənab səfir medianın dostudur. Bakıya gəlməzdən əvvəl onunla görüşdük, Azərbaycan-Malayziya münasibətlərində siyasi, mədəni mövzularda geniş söhbətlər apardıq. Düşünürəm ki, ölkələrimiz arasındakı bu əlaqələri daha yüksək mərhələyə qaldırmaq mümkündür”.
Kamluddin “Bernama” ilə Azərbaycan mediası arasında əməkdaşlığın mövcud olduğunu da qeyd edib. O, gələcək perspektivdə Azərbaycan mediası ilə tərəfdaşlıq imkanlarını genişləndirməyi planlaşdırdılarını vurğulayıb.

Bizim.Media
























































































