Bakı şəhəri, Nizami rayonu, "8-ci km" bazarında aparılan son monitorinqlər göstərir ki, ərzaq bazarında sanitar-gigiyenik tələblərə əməl olunmur. Antisanitar vəziyyət insan həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd edilib ki, bazarda yüksək risk qrupuna aid olan ət, toyuq, balıq, süd məhsulları alıcıya təhlükəli şəkildə, müvafiq saxlama, temperatur rejiminə əməl edilmədən təqdim olunur.
"Yaranmış vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Fermerin əməyindən sui-istifadəyə yol verilməməlidir.
Bazar rəhbərinin işi təkcə piştaxtanı kirayə vermək deyil, eyni zamanda, alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmaqdır.
Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək xəbərdarlıq edir ki, ərzaq bazarlarında yenidənqurma işləri görülməli, satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması, satışı təmin olunmalıdır", - məlumatda deyilir.







Bizim.Media




























































































