Koronavirusa bənzəyən XƏSTƏLİK YAYILIR – Uşaqlar xüsusi RİSK ALTINDADIR

Hazırda oxunan: Koronavirusa bənzəyən XƏSTƏLİK YAYILIR – Uşaqlar xüsusi RİSK ALTINDADIR

581564

Xəbər verdiyimiz kimi, son zamanlar Qazaxıstanda daha çox uşaqların yoluxduğu “Honkonq virusu” geniş yayılmağa başlayıb. Astana şəhərinin Baş Dövlət Sanitariya həkimi Aygül Şağaltayeva mövsümi epidemioloji vəziyyətin pisləşdiyini diqqətə çatdırıb. 

O bildirib ki, laboratoriya monitorinqinin bir hissəsi olaraq kəskin respirator virus infeksiyası və qrip simptomları olan xəstələrdən götürülmüş 285 nümunə yoxlanılıb. Yoxlamanın nəticəsi olaraq 116 müsbət test nəticəsi əldə edilib və bunların hamısı A(H3N2) virusu və ya "Honq Konq qripi" kimi müəyyən edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə, cari epidemiya mövsümündə üç qrip ştammı aktual olacaq-A(H1N1), A(H3N2) və B.

Xatırladaq ki, A(H3N2) qripi yüksək yoluxucudur, sürətlə mutasiya edir və mövsümi epidemiyalara səbəb olmaq potensialına malik virusdur. 

Bu virus ilk dəfə 1968-ci ildə Honq Konqda aşkar edilib və dünyada təxminən 1 milyon insanın ölümünə səbəb olan pandemiyaya səbəb olub. O vaxtdan bəri, virus hər il yayılıb və mutasiyaya uğrayıb.

Görəsən, "Honq Konq qripi"nin Azərbaycana keçmə təhlükəsi varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, “Honq Konq qripi” kimi tanınan virusun Azərbaycanda da yayınması risqi qalmaqdadır:
“Honq Konq” virusu ilk dəfə koronavirusun bir forması kimi yaranıb. Hazırda yayılan bu qrip virusu “A” qrip formasıdır. Nəfəs yolu ilə insandan insana keçir. Baş-bel ağrıları, burun axması, öskürək, halsızlıq, nəfəs çatışmamazlığı ilə müşayiət olunur”. 

Həkim qeyd edir ki, bu xəstəliyin, xüsusən də, uşaqlar arasında daha erkən ağırlaşması riski qalmaqdadır: 

“Ona görə də məsələ ilə bağlı ölkəmizdə ciddi tədbirlər görülməlidir ki, həmin virusun Azərbaycana keçməsi təhlükəsi aradan qaldırılsın. Virusun ölkəmizdə də yayılması ehtimalı həmişə qalır. Çünki qloballaşan dünyada yaşayırıq. Sərhəd keçid zonalarına nəzarət güclənməlidir”. 

Ekspert deyir ki, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun mütləq lazımi tədbirlər də görülməlidir:

“Qrip virusuna qarşı istənilən halda vaksinasıya olunmaq tövsiyə olunur. Bu ən azı immun sistemini saz vəziyyətdə saxlayır, xəstəliyin daha yüngül formada keçməsini təmin edir”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin