Məktəblər tətilə çıxdı, tıxaclar qismən azaldı: Monitorinq aparılırmı?

Hazırda oxunan: Məktəblər tətilə çıxdı, tıxaclar qismən azaldı: Monitorinq aparılırmı?

581561

Bir neçə gündür orta məktəblərdə tətildir və bu səbəbdən paytaxtın küçə və prospektlərində nəqliyyatın sıxlığı qismən azalıb. Vətəndaşlar, ekspertlər bundan çıxış edərək isə sosial şəbəkələrdə yazırlar ki, tıxacların əsas səbəblərindən biri də məhz təhsil müəssisələrində dərslərin eyni vaxtda başlamasıdır. Həmçinin bu fonda iş, dərs saatlarının dəyişkən qrafiklə olması məsələsi yenidən gündəmə gəlib.

Qeyd edək ki, bu məsələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda da nəzərdə tutulub. Bəs bunun icrası niyə ləngiyir?

Bizim.Media xəbər verir ki, mövzuya nəqliyyat eksperti Rauf Ağamirzəyev münasibət bildirib. Oxu.az-a danışan ekspert bildirib ki, ölkədə ictimai nəqliyyatın vəziyyəti arzuolunan səviyyədə deyil.

Məktəblər tətilə çıxdı, tıxaclar qismən azaldı: Monitorinq aparılırmı?

O qeyd edib ki, tıxaclara alternativlər yaradılmalıdır:

"İnsanlara rahat hərəkət etməsi üçün çeşidli, üstünlüyü təmin edən ictimai nəqliyyat növləri təqdim etməliyik. Əks halda, iş qrafikinin dəyişdirilməsinin ciddi təsiri olmayacaq. Qısa məsafəli mikromobillik zolaqları çəkilir. Dövlət Proqramında piyada infrastrukturu ilə bağlı qeyd olunan planda hər hansısa irəliləyiş yoxdur".

Ekspert əlavə edib ki, Bakı kimi böyük şəhərlərin yükünü relsli nəqliyyat növləri daşıya bilər:

"2024-cü ildən başlayaraq Bakı şəhərində ayrılmış mikromobillik zolaqları ilə yanaşı, avtobus yolu şəbəkəsi formalaşır. Lakin Bakı kimi böyük şəhərlərin yükünü relsli nəqliyyat növləri - metro, şəhərətrafı elektrik qatarları daşıya bilər. Həmçinin Dövlət Proqramında nəzərdə tutulub ki, 2030-cu ilə qədər paytaxt yollarında tramvay xətləri də çəkilsin. Bundan başqa icra olunan tikinti layihələrində də müasir texnologiyaların tətbiqi vacibdir. Bu layihələr insanların hərəkətinə mane olmamalı, ətraf mühitə təsir etməməlidir. Şəhərdə hər hansısa hərəkət növünün bağlanması nəqliyyat axınlarının qarşısını alır. Məsələn, Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarın 15 sentyabrdan etibarən fəaliyyətini dayandırması insanların avtobus və avtomobillərə üz tutmasına səbəb olur. Həmçinin relsli nəqliyyat ona görə vacibdir ki, bir qatarın daşıma gücü və istismar müddəti daha çoxdur. Düşünürəm ki, investisiyalar relsli növlərə daha çox ayrılmalıdır".

R.Ağamirzəyev vurğulayıb ki, bütün hərəkət növləri üzrə şərait yaradılmalıdır ki, vətəndaşlar istifadə edəcəkləri nəqliyyat növlərini özləri seçsinlər:

"Hərəkət növlərinin önündə maneə varsa, bunu edənlərə qarşı sərt cərimə sanksiyaları tətbiq olunmalıdır. İkinci halda, qayda pozuntuları daha çox piyada infrastrukturunda müşahidə olunur. Piyada keçidləri, səkilərdə qanunsuz parklanma var ki, bu da insanların hərəkətinə mane olur. Buna qarşı sərt tədbirlər vacibdir ki, doğru vərdişlər formalaşsın və mədəniyyətə çevrilsin. Mərhələli şəkildə hərəkət növləri inkişaf etdirilməlidir və bu gün olanlar da zəbt hallarına qarşı qorunmalıdır. Valideynlərin şəhər mərkəzindəki məktəblərə maraq göstərməsinin qarşısını almaq üçün isə onların yaşadıqları ərazilərdə təhsil müəssisələrinin keyfiyyətini artırmaq lazımdır".

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, iş qrafikinin dəyişkən olması məsələsi ilə bağlı mövqe bildirmək onların səlahiyyətində deyil.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi isə qeyd edib ki, aparılan təhlillər onu deməyə əsas verir ki, tətil günlərdə paytaxtda nəqliyyat sıxlığı olan yolların sayında azalma müşahidə edilir: “Təhlillərin nəticəsi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin